Sumqayıtda 20 yaşlı oğlan sevgilisini döydü — TƏFƏRRÜAT

KRİMİNAL 28 dek 2022, 16:31
Sumqayıt şəhərində 2002-ci il təvəllüdlü Osman şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Xumara (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 20-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Bəyaz” şadlıq sarayının yaxınlığında baş verib. 

Osman idarə etdiyi “Mercedes” markalı avtomobilində əyləşən tanışı Xumar ilə aralarında mübahisə yaranıb. Mübahisə zəminində Xumara sifət nahiyəsindən bir dəfə yumruq vurub. 

İstintaq orqanı tərəfindən Osmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Osman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Xumar onun tanışıdır: “Biz bir müddət bir yerdə işlədik. Sonradan ailə qurmaq məqsədilə bir-birimiz ilə danışdıq. Lakin sonradan münasibətlərimiz pisləşdiyi üçün ayrılmalı olduq. Bu səbəbdən sentyabrın 20-də “Bəyaz” şadlıq sarayının yaxınlığında, öz idarə etdiyim “Mercedes” markalı avtomobildə Xumar ilə söhbət etdik. Bu zaman Xumar məni əsəbləşdirdi. Bu səbəbdən əlimin arxa hissəsi ilə onu vurdum”. 

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Osmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top