Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

İDMAN 27 dek 2022, 20:59
Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatında növbəti oyunlarını keçiriblər.

“Report”un məlumatına görə, kişilərin yarışında rapid növündə VI, VII, VIII və IX turun görüşləri, qadınların mübarizəsində V, VI, VII və VIII turun qarşılaşmaları oynanılıb.
Turnirdə kişilərdən Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva çıxış edirlər.

Kişilərdən ibarət yığmanın lideri Məmmədyarov keçirdiyi 4 görüşün hamısında heç-heçə edib. Milli üzvlərindən ən yaxşı nəticəni Rauf Məmmədov və Vüqar Əsədli göstəriblər. Hər iki şahmatçı 2 qələbə, 1 heçə-heçə, 1 məğlubiyyətlə yadda qalıb. Süleymanlı 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, Qədimbəyli 2 qələbə, 2 məğlubiyyət, Durarbəyli ilə Muradlı 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyətə imza atıb.

Məmmədov hazırda 6 xalla 16-cı pillədə qərarlaşıb. Eyni xala malik Məmmədyarov 23-cü, Süleymanlı 5 xalla 63-cü, Əsədli 4,5 xalla 87-ci, Qədimbəyli eyni xalla 100-cü, Durarbəyli 4 xalla 108-ci, Muradlı isə 3,5 xalla 131-ci sıradadır.

Qadınların mübarizəsində Fətəliyeva 2 qələbə, 2 məğlubiyyət, Məmmədova ilə Beydullayeva 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Balacayeva 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, Hacıyeva 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, Məmmədzadə 1 heç-heçə, 3 məğlubiyyətlə yadda qalıb.
Qadınlardan aktivində 5 xal olan Məmmədova 18-ci, Balacayeva 20-ci, Fətəliyeva 4,5 xalla 32-ci, Hacıyeva 4 xalla 45-ci, eyni xala malik Məmmədzadə 47-ci, Beydullayeva 52-cidir.

Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) mübarizə aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top