Azərbaycanda yeni qəbul məntəqələri açılır

SOSİAL 24 dek 2022, 11:50
"Təbii resurslardan səmərəli istifadə, ətraf mühitin qorunması və şüşə tullantılarının idarə edilməsinin optimallaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə Bərk məişət tullantılarının çeşidlənməsi zavodu ərazisində şüşə qəbulu məntəqəsi fəaliyyətə başlayıb".

Demokrat.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Zaur Zeynalov bildirib.

Onun sözlərinə görə, istənilən idarə, müəssisə və fiziki şəxslər mövcud vəziyyətindən asılı olmayaraq bütöv və sınıq halda olan şəffaf və rəngli şüşə tullantılarını qəbul məntəqələrinə təhvil verə və əvəzində ödəniş əldə bilərlər: "Həyata keçirilən layihə ölkə ərazisində ətraf mühitin, atmosfer havasının çirkləndirilməsinin qarşısının alınmasında, mövcud resurslardan səmərəli istifadənin təşviqi istiqamətində, eyni zamanda tullantıların təkrar emala yönləndirilməsi sahəsində atılan növbəti mühüm və əhəmiyyətli addımdır".

Nazir müşaviri bildirib ki, şüşə tullantılarından istifadə etməklə 20-30 faiz enerji qənaətinə, karbon tullantılarının 20-50 faiz, atmosfer havasının çirklənməsinin 20 faiz, suyun çirklənməsinin 40-50 faiz azalmasına, o cümlədən tullantı poliqonlarının yüklənməsinin minimuma endirilməsinə səbəb olur: "Belə ki, 1 ton şüşə məmulatlarının hazırlanması üçün ortalama 1,2 ton təbii xammal sərf edilir. Şüşə tullantılarının təkrar istehsala yönləndirilməsi layihəsinin daha geniş miqyas alması üçün şüşə qəbulu məntəqələrinin sayı artırılacaq. Tullantısız istehsal, təmiz ətraf mühit, təbii ehtiyatlardan səmərəli istifadə naminə ölkəmizdə belə layihələrin icrası davam etdiriləcək".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top