Deputat yeni hakim təyinatlarına qarşı çıxdı

SOSİAL 23 dek 2022, 13:17
“Hər bir halda konstitusiyanın pozulması və ona zidd olan qanundan sui-istifadə halı ortadadır. Konstitusiyaya zidd təyin olunan hakimlər ədalət mühakiməsini necə həyata keçirəcəklər?”

Demokrat.az
xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

Hakim təyinatlarına qarşı çıxan deputat deyib: “Ən paradoksal və acınacaqlı hal ondan ibarətdir ki, bu gün “bir qayda olaraq” ifadəsini “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa zidd olduğu üçün “Məhkəmələr və hakimlər haqqında” qanundan çıxaracaqlar. Yəni bu gün konstitusiyaya zidd qərar qəbul etdiyimizi bilirik. “Məhkəmələr və hakimlər haqqında” qanunun 95-ci maddəsinə əsasən hakimlər vəzifələrinin icrasına başlamazdan əvvəl konstitusiya və qanunlara əməl edəcəklərinə dair and içirlər. Konstitusiyaya zidd təyin olunan hakimlər ədalət mühakiməsini necə həyata keçirəcəklər, konstitusiyanı necə qoruyacaqlar?"

"Gəlin, belə qəbul edək ki, əksinədir, qanunlar konstitusiyadan üstündür. O halda belə istisna olaraq 1, maksimum 2 şəxs 5 il iş təcrübəsi olmadan yuxarı instansiya məhkəməsinə təyin oluna bilər. Biz isə qeyd etdiyim kimi 12 nəfər təyin edirik. Məhkəmə Hüquq Şurasının nümayəndəsinin komitədə verdiyi məlumata görə, birinci instansiya məhkəmələrində 5 il təcrübəsi olan 200-dən artıq hakim var. Niyə onların sırasından namizədlər seçilməyib? Bugünkü təyinatlar həm də o 200 nəfərə münasibətdə hesab edirəm ki, həqarətdir.

Hörmətli sədr, xahiş edirəm, səsvermə adbaad olmayacaqsa, protokolda mənim 5 il təcrübəsi olmayan namizədlərin əleyhinə olduğumu qeyd edin”, - deputat çıxışında qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top