“Deyirlər ki, Britaniya səfiri iqtidarı lap Elman Nəsirov kimi tərifləyir…”

SİYASƏT 19 dek 2022, 17:50
“Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld qeyd edib ki, Azərbaycan dayanıqlı inkişafın təmin edilməsi üzrə liderdir. Cənab səfirin bu fikirləri tam reallığı əks etdirir, tam reallığa adekvatdır. Böyük Britaniya kimi nəhəng bir dövlətin səfiri hansısa bir fikri söyləyərkən onu havadan söyləməz. Əlində ciddi faktlar, arqumentlər, sübutlar və dəlillər olmasa, heç vaxt belə konkret mövqe ortaya qoymaz. Amma Azərbaycanın radikal müxalifəti yenə qəmə batıb, kədər içindədir. Onları təəccübləndirən budur ki, necə ola bildi, Böyük Britaniya kimi demokratik bir dövlətin Azərbaycandakı səfiri Azərbaycan iqtidarını tərifləyir? Həm də mənim adımı çəkirlər. Deyirlər ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri lap YAP-çı deputat Elman Nəsirov kimi iqtidarı tərifləyir. Görünür, mənim çıxışlarım, Azərbaycan dövlətinin, iqtidarının yeritdiyi siyasətlə bağlı səsləndirdiyim arqumentlər və faktlar radikalların heç birinin xoşuna gəlmir. Çünki mövqeyimi, faktlarımı təkzib etmək üçün onların kontur arqumentləri, sadəcə, çatışmır...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycanın radikal müxalifəti qocalıb, həyata baxışları, düşüncələri köhnəlib: “Dərk edə bilmirlər ki, Böyük Britaniya düzə “düz”, əyriyə “əyri” dediyi üçün demokratik dövlətdir. Əgər Azərbaycan dayanıqlı inkişaf üzrə xüsusi bir nəticə əldə etməsəydi, dayanıqlı inkişafın hər hansı elementləri ortada olmasaydı, dayanıqlı inkişaf istiqamətlərində böyük nəticələr göstərməsəydi, Böyük Britaniyanın Azərbaycandakı səfirini heç vaxt belə bir fikir söyləməyə məcbur etmək olmazdı. Bu, təkcə səfirin deyil, Britaniya dövlətinin, Xarici İşlər Nazirliyinin, bütövlükdə rəsmi Londunun mövqeyidir. Ay radikal müxalifətçilər, sizin yuxunuza niyə haram qatılıb? Niyə yenə də narahatsınız ki, Azərbaycan iqtidarını tərifləyirlər. Bir gün gələcək, siz də tərifləməyə məcbur olacaqsınız. O gün uzaqda deyil. Çünki Azərbaycan iqtidarı, Azərbaycanın Müzəffər Prezidenti cənab İlham Əliyev öz yenilməz Ordusu, “dəmir yumruq”a çevrilmiş xalqı ilə birlikdə tarix yazır, yeni geosiyasi reallıqlar yaradır, haqq-ədaləti bərpa edir, dünya da bunu görür, qiymətləndirir. Bu gün Azərbaycanın dünya miqyasında sözünün mənası və çəkisi xeyli böyükdür. Bu reallığı hər kəs görür. Baxan, amma görməyən yeganə iki qüvvə varsa, biri Ermənistan və onun əlaltısı olan qondarma separatçı oyuncaq rejim, digərsi isə bizim radikal müxalifətdir. Bu iki qütb qalibiyyəti, zəfəri həzm edə bilmir. Radikal müxalifətə, doğrudan da, yazığım gəlir…”

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top