“Bu faktların açılması “sülhməramlıların” ərazilərimizi qeyd-şərtsiz tərk etməsi üçün əsas ola bilər” — Politoloq

GÜNDƏM 16 dek 2022, 19:14
“Etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası ilə əlaqədar danışarkən deyib. O bildirib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, vətəndaş cəmiyyəti fəallarının, könüllülərin iştirakı ilə Laçın-

Şuşa yolunda keçirilən etiraz aksiyası özü-özlüyündə kifayət qədər ciddi bir hadisədir və aksiya iştirakçıları öz tələblərində sonuna qədər haqlıdırlar:

“Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Bu mütləqdir və başqa cür ola da bilməz. Etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.  Məlum olduğu kimi bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb. İşçi qrupun monitorinq aparmasına şərait yaradılması məqsədilə dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Lakin danışılar nəticəsində əldə olunmuş razılığa baxmayaraq rus sülhməramlı kontingentinin rəhbərliyi və separatçıların birgə təxribatları nəticəsində monitorinqin keçirilməsinə maneçilik törədilib”. 

“İndi biz görürük ki, Azərbaycanın haqlı tələblərinə əməl edib müvafiq monitorinqin aparılmasına şərait yaratmaqdansa rəsmi İrəvan qərəzli iddialar səsləndirir və Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə böhtan və həqiqəti əks etdirməyən məlumatlar tirajlayır. Halbuki Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri isə sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır. Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə də ziddir”, - deyə politoloq əlavə edib.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin bu hay-küyü sadəcə olaraq öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmasını ört-basdır etməyə yönəlib:

“Şübhəsiz ki, bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Ermənilərin bu cür cinayətkar fəaliyyətləri beynəlxalq səviyyədə də dəfələrlə təsdiq olunub. ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Ümumi olaraq qeyd etmək istərdim ki, 5 gündür aksiyanın keçirilməsinə baxmayaraq rus sülhməramlıların komandanı Volkovun hələ də aksiya iştirakçıları ilə görüşməməsi, daha dəqiqi desək rəsmi Moskvadan hələ də bununla bağlı göstərişin gəlməməsi onu deməyə əsas verir ki, ermənilər kimi Rusiya tərəfi də həmin ərazilərdə monitorinqin aparılmasından çəkinir. Çünki onlar Azərbaycan sərvətlərinin talan olunmasında birgə iştirak edirlər və bu faktların açılması “sülhməramlıların” ərazilərimizi  qeyd-şərtsiz tərk etməsi üçün əsas ola bilər. Amma ermənilərin və ya Rusiya sülhməramlılarının hansı fikirdə olmasından asılı olmayaraq Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı alınmalıdır. Bunun üçün də Rusiya hərbi kontingentinin nəzarətində olan Laçın yolunun nəzarətə götürülməsi şərtdir. Rusiya sülhməramlılarına da ,ermənilərə də və bütün dünyaya da başa salmaq lazımdır ki, müvafiq yol Qarabağda yaşayan ermənilərlə Ermənistan arasında əlaqəni təmin etmək üçün bir yoldur və yalnız humanitar məqsədlərlə istifadə olunmalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top