“Xankəndi və ətraf bölgəsində heç nə əvvəlki kimi olmayacaq”

QARABAĞ 16 dek 2022, 16:24
“Azərbaycan fəallarının Laçın dəhlizində keçirtdiyi etiraz aksiyası bir çox önəmli proseslərə yol açmağa başlayıb. Artıq qətiyyən şübhə doğurmur ki, bu aksiyadan sonra Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsində heç nə əvvəlki kimi olmayacaq”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Elçin Xalidbəyli deyib. Analitik əlavə edib ki, Rusiya hələlik Azərbaycanın tələblərini qəbul etmək istəməsə də, müqavimət göstərməyə çalışsa da, rəsmi Bakının əvvəl-axır öz hədəfinə çata biləcəyi artıq qətiyyən şübhə doğurmur. 

“Kreml hazırda Laçın dəhlizini bağlamaqla, Azərbaycana qarşı beynəlxalq təzyiqlərin güclənməsinə nail olmağa çalışır. Kremldə ümid edirlər ki, rəsmi Bakı beynəlxalq təzyiqlər qarşısında geri çəkilmək məcburiyyətində qalarsa, Azərbaycanın tələblərini də arxa plana keçirmək mümkün ola bilər. Ancaq Rusiyanın beynəlxalq təzyiqlərə bəslədiyi ümidlər özünü doğrultmayacaq. Laçın dəhlizinin məhz rus "sülhməramlılar" tərəfindən bağlandığı artıq hər kəsə aydın olmağa başlayıb. Və böyük ehtimalla Rusiya əvvəl-axır geri çəkilmək, Azərbaycanın bütün tələblərini qəbul etmək məcburiyyətində qalacaq. Rəsmi Bakının "yumşaq güc" tətbiq etmək taktikası nəticəsində Volkov-Vardanyan cinayət tandemi pozulacaq, rus general da, Kremlin "təxribat ezamiyyəti"nə göndərdiyi erməni fırıldaqçı da Azərbaycandan çıxarılacaq, Rusiyanın "Vardanyan layihəsi" iflasa uğrayacaq. Rəsmi Bakı Laçın dəhlizinə ortaq nəzarət tələblərini artıq irəli sürüb. Yəqin ki, Kreml bununla da razılaşmaq məcburiyyətində qalacaq. Yəni, Azərbaycan Laçın dəhlizi üzərində nəzarət-buraxılış məntəqələri qurmaq hüququ qazanacaq. Hazırda baş verənlər əslində, Xankəndi və ətraf bölgəsinin yenidən Azərbaycanın yurisdiksiyasına qaytarılması prosesinin tərkib hissəsidir. Böyük ehtimalla bu proses ən uzağı 2025-ci ilə qədər tam şəkildə yekunlaşmış olacaq”.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top