Deputatlar da Laçın yolundakı aksiyaya qoşulmaq İSTƏYİRLƏR

GÜNDƏM 13 dek 2022, 17:58
Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ötən gün Şuşa-Laçın yolunda başlatdıqları aksiya davam edir. Azərbaycanda gündəmin ən önəmli hadisəsinə çevrilən dinc etirazlara dəstək məqsədilə on minlərlə insan aksiyaya qoşulmağa hazır olduğunu bəyan edib. Onların arasında siyasətçilər, jurnalistlər və adi vətəndaşlar da var.

Bəs, Milli Məclisin deputatları Laçın yolundakı aksiyaya qoşulmağa hazırdırlarmı?  

Modern.az bununla bağlı bir neçə deputatın fikirlərini öyrənib.

Deputat Məlahət İbrahimqızı erməniləri təşvişə salan etiraz aksiyasını dəstəklədiyini bildirib:

"Bu aksiya ermənilərin ekoloji terroruna tutarlı cavabdır. Əlbəttə, azərbaycanlı fəalların keçirdikləri aksiyaları yüksək qiymətləndirirəm. Aksiyada Rusiya sülhməramlılarının qərəzli və erməniyönümlü davranışı qınanılır. Mən də bu mövzuda aksiya iştirakçılarına qoşuluram və rus sülhməramlılarını tutduqları mövqeyə görə qınayıram. Mən özüm də böyük məmnuniyyətlə aksiya ərazisinə gedərdim".

Parlament üzvü Elman Məmmədov da aksiyaları yüksək qiymətləndirdiyini deyib:

"Aksiya ekoloji terror əleyhinə keçirilir. Nümayişin iştirakçıları məlumdur. Burada QHT nümayəndələri, ictimai fəallar iştirak edirlər. Mən onları alqışlayıram. Var olsunlar! Ancaq aksiya iştirakçılarının bəlli bir kütləsi var. Buna görə də, mənim orada iştirakıma hələ ki ehtiyac yoxdur".

Deputat Elman Nəsirov aksiyaya qoşulub-qoşulmayacağı məsələsinə münasibət bildirərək qeyd edib: 

"Mən artıq aksiyaya qoşulmuşam. Aksiyaya qoşulmaq bütün müstəvilərdə özünü göstərə bilir. Yəni aksiyaya yalnız fiziki şəkildə qatılmaq olmur. Mən bütün günü mətbuata açıqlamalar verirəm, canlı efirlərdə fikirlərimi bildirirəm, bununla öz dəstəyimi nümayiş etdirirəm".

Deputat Naqif Həmzəyevə gəlincə, o, Şuşa-Xankəndi yolunda keçirilən aksiyanı ilk gündən dəstəklədiyini vurğulayıb: 

“Xankəndi-Şuşa yolunda keçirilən etiraz aksiyalarına qoşulmağa hazıram. Bununla bağlı məsul qurumlardan aksiya yerinə səfərimin təşkil edilməsini gözləyirəm”. 

Mili Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov da aksiyaya qoşulmağa hazır olduğunu söyləyib:

“Əlbəttə, mən də aksiyaları dəstəkləyirəm. Böyük məmnuniyyətlə gedib orada iştirak edərəm. Bu aksiyanı hər bir Azərbaycan vətənadaşı dəstəkləməlidir”. 

Deputat Aydın Mirzəzadə də bəzi həmkarları kimi Laçın yoluna getmək fikrindədir:

“Aksiyanı dəstəkləyirəm. Mən Milli Məclisin deputatı kimi o aksiyada iştirak etmək istəyirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top