“Azərbaycan-Türkiyə ittifaqına qarşı açıq savaş Rusiya üçün intihara bərabər olar” — Politoloq

SİYASƏT 13 dek 2022, 14:13
Rusiyalı hərbi ekspert Konstantin Sivkov Azərbaycana yönəlik hədələr səsləndirdib. O, Rusiyanın Ukraynadan sonra Azərbaycana əl qatacağını iddia edib. 

Politoloq Zaur İbrahimli Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın imperiya kimi çarlıq dövrləri sərhədləri daxilində şərtsiz hegemoniyasını təmin etmək, yenidən Avropanın da olmasa, Orta Asiya, Cənubi Qafqazın jandarmına çevrilmək, Pribaltika respublikalarını təsir dairəsinə daxil etmək Kremlin ötən əsrin son on illiyindən bəri irəli sürdüyü neoimperiya ideologiyasıdır:

“Sadəcə indi fərq ondadır ki, Kreml tərəfindən maliyyələşdirilən və təlimatlandırılan bır sıra ekspert və politoloq adlandırılan şəxslər, əslində isə siyasi hakimiyyətin təbliğatçıları bu fikirləri açıq şəkildə ifadə edirlər. Bu il 24 fevralda Rusiyanın Ukraynaya hücumu ilə başlayan proseslər isə göstərdi ki, SSRİ-nin əzəmətindən yalnız miflər və köhnəlmiş silahlar, Çar Rusiyasından isə ambisiyalar qalıb. Reallıqda Rusiya nə iqtisadi baxımdan, nə də hərbi baxımdan nəinki qlobal imperiya, heç regional güc mərkəzi kimi bəyan etdiyi məqsədlərə çatmaq, cazibə, inteqrasiya, inkişaf mərkəzinə çevrilmək iqtidarında deyil. Rusiyanın nə iqtisadi imkanları, nə hərbi potensialı ABŞ, NATO ilə rəqabətdə uzunmüddətli perspektivdə üstün gəlmək imkanı vermir. Həmçinin, Çinlə rəqabətdə Moskva artıq kiçik tərəfdaş statusu ilə razılaşmalı olub. Kremlin iddiaları ilə imkanlarının tərs mütənasib olduğu Qazaxıstanda hakimiyyət dəyişikliyi proseslərində bir daha özünü göstərdi. Kremlin cəhdlərinə baxmayaraq Çin və Qərbin təkidi, tələbləri ilə rus hərbi birləşmələri Qazaxıstanı tərk etməli oldu”. 

Ekspertin fikrincə, Ukraynaya hücum və bununla əlaqədar Rusiya tətbiq olunan sanksiyalar Moskva üçün uzunmüddətli perspektivdə inkişaf imkanlarını məhdudlaşdıracağı şübhəsizdir. 

“İran nümunəsi bu perspektivi yaxşı illüstrasiya edir. Ukraynaya ilə müharibə də artıq Rusiya strateji və uzunmüddətli perspektiv baxımından uduzan tərəf sayıla bilər. Belə bir şəraitdə Rusiyanın ətraf ölkələrdən hansınasa cəbhə açacağı real görünmür. Əksinə, Rusiyanın ətraf ölkələrin əməkdaşlığına və ən azı neytral münasibətinə ehtiyacı artıb. Xüsusən böyük tranzit imkanlarına malik Azərbaycanla əməkdaşlığa ehtiyac artıb. Azərbaycanın Türkiyə ilə hərbi-strateji əməkdaşlığı, müttəfiqliyi, ölkələrimiz arasında imzalanmış Şuşa Bəyannaməsi  Türkiyənin müdafiəsini təmin edib. İndiki şəraitdə Azərbaycan-Türkiyə ittifaqına qarşı açıq savaş Rusiya üçün intihara bərabər olardı. Bu baxımdan bir sıra ekspertlərin Azərbaycana qarşı hədələrini psixoloji və informasiya savaşının bir elementi kimi nəzərdən keçirə bilərik”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top