“Rusları işğalçı qüvvə kimi ərazilərimizdən rədd etmək üçün addımlar atılmalıdır” — SƏRT AÇIQLAMA

SİYASƏT 08 dek 2022, 13:18
“Rusiya sülhməramlı adı altında Azərbaycan torpaqlarına girdiyi gündən bugünədək müxtəlif miqyasda təxribatla və fəallıqla məşğuldur”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. Partiya sədri əlavə edib ki, Rusiya torpaqlarımızda kifayət qədər aktiv fəaliyyətlər görür:

“Rusiya burada Ermənistan əhalisinə humanitar fəaliyyətdən tutmuş onlar üçün yol çəkir, su çəkir, xüsusi tikinti materialları gətirir, həmçinin rus ziyalılarının və yazıçılarının adlarına parklar salınır. Sirr deyil ki, sülhməramlılar ermənilərin orada separatçı fəaliyyəti üçün münbit şəraitin yaradılması kimi fəaliyyətlərlə, yaxud da orada erməni silahlı birləşmələrinə göz yummaları məlumdur. Hətta separatçılara təlim keçmələri, nəzarətsiz qalmış Laçın yolu vasitəsilə onlara silah-sursatın daşınması məsələsində Rusiya kifayət qədər aktivdir və təxribat işləri ilə məşğuldur. Eyni zamanda, həm Azərbaycandakı sülhməramlılar, həm də Moskvada oturan Şoyqunun dəstəsi Rusiya Müdafiə Nazirliyinin bəyanatlarında Azərbaycanın guya ki, atəşkəsi pozan tərəf kimi göstərməklə, Azərbaycanın toponimlərini, kənd adlarını, məskunlaşma yerlərinin adlarını  ermənilərin uydurma adları ilə adlandırmaq kimi müxtəlif təxribatlara əl atıblar. Bu da o deməkdir ki, artıq rusiyalılar orada sülhməramlı missiyası kimi qala bilməzlər. Yəni, burada artıq rusları sülhməramlı kimi yox, rusları işğalçı qüvvə kimi ərazilərimizdən rədd etmək üçün addımlar atılmalıdır. Biz bu addımları atarkən hazırda Rusiya-Ukrayna savaşında nümunə göstərərək beynəlxalq birliyi öz yanımıza almalıyıq. Əgər bir dövlət başqa dövlətin ərazisini işğal edirsə, dinc şəhərləri, teatrları, məktəbləri bombalayırsa, başqa ölkədə necə sülhməramlı kimi çıxış edə bilər?! Necə gəlib sülhdən danışa bilər?! Necə “sülh göyərçin”liyi edə bilər?! Bütün bunları nəzərə alaraq, düşünürəm ki, Azərbaycan artıq rus sülhməramlılarını xidmətdən imtina etməlidir".

"Düzdür, biz başa düşürük ki, bu, ağır məsələdir. Rusiya burada daim sülhməramlı adı altında işğalçı qüvvə kimi qalmaq istəyir. Çünki Cənubi Qafqazda qalmaq üçün son ümidləri Qarabağ münaqişəsidir. Hər halda, Azərbaycan öz müstəqilliyi və suverenliyi naminə nələrə qadir olduğunu 44 günlük müharibədə göstərib. Bu proseslərə aktiv şəkildə Türkiyə Cümhuriyyətini qoşmalıyıq. Biz çalışmalıyıq ki, Türkiyə bu məsələlərin hər mərhələsində Azərbaycanın yanında olsun. Nəhayət ki, Azərbaycan onda 100 ildir sürən rus işğalından, rus təzyiqindən birdəfəlik canını qurtarar” - T.Abbaslı bildirdi.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top