“İlin sonunda sülh müqaviləsi imzalanacaq?” — AÇIQLAMA

QARABAĞ 02 dek 2022, 23:12
“Ermənistan sülh prosesi istiqamətində deyil, Qarabağın işğaldan azad olunmamış hissəsindəki separatçı qurumun həmin prosesə daxil edilməsi istiqamətində təbliğat aparır. Bu işə havadar ölkələrini də daxil etmək istəyir”. 

Bunu Demokrat.az-a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, siyasi şərhçi Qafar Çaxmaqlı deyib. Analitik qeyd edib ki, məhz bu səbəbdən də sülh prosesi irəli getmir:

“Bilirik ki, Azərbaycan təkliflərini verib və bu beynəlxalq birlik tərəfindən qəbul olunub. Ermənistan özü də üzdə bunu qəbul etdiyini elan edir. Razılaşma əldə olunması da an məsələsi idi, amma dekabrın 7-də Fransa prezidenti ilə üçtərəfli görüşün baş tutmayacağı məlum olandan sonra Ermənistan yeni bəhanələrlə sülh müqaviləsinin bağlanma sürəcini gecikdirmə yolu tutdu.

Ermənistanı müdafiə edən bir ölkənin tərəfsiz olmayacağı bəllidir. Sülh prosesində Fransanın iştirakına Azərbaycan razı ola bilməzdi. Məncə, ilin sonuna sülh müqaviləsinin bağlanması mümkün deyil. Onu yaxınlaşdırmaq üçün Ermənistanı 10 noyabr 2020-ci il üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməyə məcbur etmək lazımdır. Bu ayrı bir mövzu olsa da, orada Azərbaycanın maraqları təmin olunmalıdır. İki prinsipial məsələ həll edilməlidir: Qarabağdan qanunsuz erməni silahlı birləşmələri çıxarılmalı və  Zəngəzur dəhlizinin açılması məsələsi həll edilməlidir. Əks təqdirdə, sülhə nail olmaq mümkün olmaz!”.

Aynurə
Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top