Şahbuzdakı kənd icra nümayəndələri: “Bizi taxıl əkməyə məcbur edirlər”

SOSİAL 30 noy 2022, 14:35
Şahbuz rayonundakı kənd icra nümayəndələri taxıl əkməyə məcbur edilir.

Demokrat.az
xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a rayonun bir qrup icra nümayəndəsi məlumat verib. Şikayətçilərin sözlərinə görə, onlara taxıl əkdirməkdə məqsəd, adlarına subsidiya yazıb, həmin pulu mənimsəməkdir. Onlar deyir ki, bu işə birbaşa rayon icra hakimiyyətinin başçısı Rafael Babayev və onun müavini Tural Məmmədov rəhbərlik edir.

Təhlükəsizliyinə görə adının çəkilməsini istəməyən, rayonun ucqar kəndlərindən birinin icra nümayəndəsi deyir ki, bu il onu 15 hektar taxıl əkməyə məcbur edirlər:

"Bu hər il təkrarlanır. 15 hektarı əkmək üçün 6 min manat pul lazımdı. 15 hektara 3 ton buğda səpməliyəm, 2400 manat şum pulu, 900 manat səpmək, 900 manat tapan pulu və.s. Bu pulu məcbur olub, kredit götürürük. Sulu yerləri özləri götürür, yarasız yerləri bizə verirlər ki, məcbur əkməlisən. Ötən il əkdiyimiz qurudu, bir kilo da məhsul götürə bilmədik. Hər il belə olur. Bizim adımıza subsidiya yazıb, mənimsəyirlər. Bunun üçün bizim adımıza kart açılıb, pulu ora vururlar. Biz o kartın üzünü belə görməmişik. Özləri alıb, yeyirlər. İcra başçısı deyir ki, mənlik deyil, Ali Məclisdən belə tapşırıq gəlib".

Digər şikayətçi deyir ki, ona bu ilə 20 hektar ərazini əkmək tapşırılıb:

"8-10 min pul lazımdır, bunu əkməyə. Sonda məhsul da yığa bilmirik. Çünki, əkməyə dağın başını, su olmayan yerləri verirlər. Həmin yerlər də kəndlilərin pay torpağıdır. Yarasız olduğundan, istifadə etmirlər. Mən də məcbur olub, kredit götürürəm. Bu il 8 min manat götürmüşəm. Hələ keçən ilki krediti verib, bitirməmişəm. Maaşımın yarıdan çoxunu kreditə ödəyirəm. Dolanışıq üçün pul qalmır. İşdən çıxmağa da qoymurlar. Polislə hədələyirlər".

Şahbuz Rayon İcra Hakimiyyətindən şikayətçilərin iddialarına cavab vermək istəmədilər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top