Müsavat başqanının müavini: “Heydər Əliyevi ailə qurması münasibəti ilə təbrik edirəm”

DAXİLİ SİYASƏT 28 noy 2022, 15:28
“Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə oğlu Heydərin ailə qurması ilə bağlı ana sevincini paylaşıb. Bütün analara övladlarının şad günün arzulayıram. Hər bir valideyinin öz övladının xoşbəxt, şad gününü görməsini, sevinc göz yaşlarını axıtmasını arzulayıram. Övladının toyunda bütün ailə üzvləri ilə birlikdə qol götürüb oynamasını arzu edirəm. Mehriban Əliyevanın statusundan sonra onun oğlu Heydərin və həyat yoldaşının ünvanına yazılan yazıları oxuyanda, bəzi çıxışlara baxanda bir dəhşət yaşadım. İnsanlarımız bu qədərmi dəyərlərini itiriblər. Özlərini haqq ədalət uğrunda mübariz elan edənlərin bu qədər əxlaqi dəyərlərə hörmətsizlik nümayiş etdirmələri, günahsız bir uşağın şad gününə nifrinlər yağdırması heç kimə baş ucalığı gətirməz”.

Demokrat.az
-ın xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Osman Kazımov bildirib.

O.Kazımov qeyd edib ki, söyüş, əxlaqsız davranış mübarizə yolu deyil: “Xalqımızın ləyaqətli keçmişi, əxlaqi dəyərləri ilə fəxr edə biləcəyimiz  bu günü var. Bütün haqsızlıqlara, əzab əziyyətə, zülmə məruz qalmasına rəğmən əxlaqi dəyərlərini qoruyur. Dünyanın heç bir yerində belə xalq yoxdur. Heydər Əliyevi ailə qurması münasibəti ilə təbrik edir, azad, ədalətli, firavan yaşayan Azərbaycanda xoşbəxt yaşamagı arzu edirəm. O da bizim xoşbəxt görmək istədiyimiz və bu istək uğrunda mübarizə apardığımız xalqımızın balasıdır. Siyasi əqidəsindən asılı olmayaraq bütün gənclərimizə ailə qurmağı, xoşbəxt yaşamağı  mənzilə-isti ocağa sahib olmağı, firavan həyat keçirməyi arzulayıram. Onlar buna layiqdirlər. Dünya nifrətlə deyil, sevgi ilə gözəldir”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top