Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir — ŞƏRH

DAXİLİ SİYASƏT 20 sentyabr 2026, 09:48
Prezident İlham Əliyevin Sərəncamı ilə artıq iki idir ki, ölkəmizdə 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Azərbaycanın dövlət suverenliyi xalqımızın ən böyük sərvəti, yaddaşlara əbədi həkk olunan nailiyyəti və gələcək inkişafımızın yol xəritəsidir. Dövlət suverenliyimiz yalnız müstəqilliyin elan olunması ilə məhdudlaşmır. Bu, həm də ölkəmizin mövcudluğunun və institusional davamlılığının əsasını təşkil edir. 2020-ci ilin noyabrında ölkəmiz Ermənistan və onun havadarları üzərində tarixi qələbə çaldı. Üç il sonra - 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı zamanı erməni diversiya qruplarının darmadağın edilməsi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, dövlət suverenliyi anlayışı hər bir xalqın azad yaşamaq, öz gələcəyini sərbəst müəyyənləşdirmək və milli maraqlarını müdafiə etmək hüququnun ən ali ifadəsidir. Suverenlik dövlətin həm daxili, həm də xarici siyasətdə müstəqilliyini təsbit edir, həmçinin onu başqa dövlətlərdən və hər hansı xarici təsirlərdən, asılılıqdan xilas edir. Hər bir müstəqil dövlət xarici qüvvələrin təsiri olmadan sərbəst qərar qəbul etmək gücünə malikdir.

Ç.Qənizadə müstəqilliyin əldə edilməsinin çox çətin, lakin şərəfli olduğunu vurğulayaraq deyib ki, hər xalqa özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətdir: “Bu tarixi uğuru məhz Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz əldə etdi. Azərbaycanın əsrlər boyunca qarşılaşdığı ədalətsizlik, haqsızlıq, ikili siyasət, beynəlxalq təşkilatların siyasi riyakarlığı dünya ictimaiyyətinə də bəlli idi. Lakin dövlətimizin başçısının əzmlə, səbrlə, böyük iradə ilə həyata keçirdiyi daxili və xarici siyasət bütün bunlara son qoydu”.

Komitə sədri Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncamdan bəzi məqamları da diqqətə çatdırıb: “Sərəncamda qeyd edilib ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Hüquqşünas Prezident İlham Əliyevin sərəncamı ilə ötən ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini də xatırladaraq deyib ki, bunun müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətli yeri var. Konstitusiya və Suverenlik anlayışları dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq edir, onları dünyaya yaxından tanıtdırır. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır.

“Dövlətimizin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq hər bir Azərbaycan vətəndaşının ən müqəddəs mənəvi borcu və konstitusion vəzifəsidir. Bu amal uğrunda birləşmək, tariximizə, şəhidlərimizin qanına və gələcək nəsillərin azadlığına olan hörmətin ən ali ifadəsidir”, - deyə Ç.Qənizadə əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

20 sentyabr 2026, 10:34
Top