“Rusiyadan sülh gözləmək, Şimali Koreyadan demokratiya gözləmək kimi bir şeydir”

REGİON 25 noy 2022, 21:17
“Rusiyanın sülh təşəbbüslərinin effektivliyinin uzun illər hansı nəticələr verdiyini təcrübəyə əsasən görmüşük”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov deyib. Analitik bildirib ki, Rusiya və sülh anlayışları Ukrayna müharibəsindən sonra tamamilə bir-birinə zidd xarakter alıb:

“Rusiyadan sülh üçün hansısa addım gözləmək Şimali Koreyadan demokratik açılım gözləmək kimi bir şeydir. Rusiya, Azərbaycan və Ermənistan arasında hansı sülhdən danışmaq istəyir? Proseslərin sülhə doğru getdiyi bir məqamda Rusiya prezidenti Putinin Valdayda "əgər Ermənistan Qərbin planına uyğun olaraq Qarabağı Azərbaycan torpağı hesab edirsə, onda biz də bunu belə qəbul edərik"- deyir.

Bu açıqlama, bütün danışıq prosesini pozdu. Bununla da, Ermənistan daxilindəki revanşist qüvvələrin aktivləşməsinə səbəb oldu. Çünki ÀBŞ-ın hazırladığı sülh müqaviləsində Qarabağ Azərbaycan torpağı kimi göstərilirdi. Bu durumda Rusiyanın səmimiyyətinə necə inanmaq olar? Əgər səmimi olsaydılar, Rusiya üçün nə fərq edərdi ki, Qarabağ kimin ərazisidir, xüsusən də, Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan etdiyi bir durumda? Əsas o idi ki, münaqişə bir dəfəlik həllini tapardı”. 

Politoloq qeyd edib ki, Rusiyanın məqsədi danışıqları imitasiya etməkdən başqa bir şey deyil:

“Nə özü konstruktiv yol təklif edir, nə də digərlərinə imkan vermək istəmir. Təklif etdiyi bütün təkliflərin sətiraltı mənalarının hamısı problemi davam etdirmək üçün əl yeri qoymaqdır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top