“Azərbaycanı “gözünün nuru” adlandırması İranın qeyri-səmimiliyindən irəli gəlir” — ŞƏRH

SİYASƏT 21 noy 2022, 15:37
“İran İslam Respublikasının rəsmilərinin dilindən səslənən heç bir fikrə inanmaq, güvənmək olmaz. Çünki illərdir ki, Azərbaycan Respublikası daim İranı idarə edən rejimin xəyanətinə məruz qalıb və qalmaqda da da davam edir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Analitik qeyd edib ki, İran açıq şəkildə Azərbaycan Respublikasının düşmənlərinə qucaq açır və Ermənistana dost-qardaş deyir. 

“Ermənistanla birlikdə ötən 30 il ərzində Azərbaycanın işğal edilmiş torpaqlarını İran talan edib. İran İslam Respublikası Azərbaycanın işğal altındakı torpaqlarında narkotik vasitələr yetişdirərək dünyaya ixrac edib. İran İslam Respublikası bütün varlığı ilə Güney Azərbaycan da daxil olmaqla, bu ölkədə yaşayan bütün türklərin milli kimliklərini danmağa davam edir. Belə bir şəraitdə Azərbaycanı “gözünün nuru” adlandırması, nə bilim “Azərbaycana kimsə hücum edərsə, guya qarşılarında həm də İranı görəcəkmiş” kimi bəyanatlar verməsi bunların sadəcə olaraq qeyri-səmimiliyindən irəli gəlir. Fikir verdinizsə, bu ötən iki il ərzində heç kim onların bu bəyanatına ciddi yanaşmadı, inanmadı. Heç kim bunu qəbul etmədi, çünki İran daim Azərbaycana arxadan zərbə vurub. Hətta, 1992-ci ilin mayında Azərbaycanın göz bəbəyi olan Şuşanın işğalında da İranın “barmağı” var. İran Azərbaycan və Ermənistan tərəflərini öz ərazisində bir araya gətirib, guya sülh danışıqları, müharibənin dayandırılması üçün yardımçı olmaq istəyirdi. Amma. o danışıqlar orada gedərkən, Ermənistan xaincəsinə Şuşanı işğal etdi. Bu nə vaxt baş verdi? Kimin köməyilə baş verdi? Əlbəttə ki, İranın bizi yayındırmasıyla, aldatmasıyla, başımızı qatmasıyla baş verdi. Bütün bunları unutmuşuqmu? Unudarıqmı? Əlbəttə unutmarıq! Ondan savayı hər gün Azərbaycana zəhər qusan “Səhər” televizya kanalı rəsmi Tehranın deyilmi? 

Buradan aparılıb Qumda yetişdirilən və Azərbaycana qarşı xəyanətə sürüklənən azərbaycanlıları hansı rejim yetişdirir? Azərbaycanı “gözünün nuru” adlandıran o saxta, riyakar rejim yetişdirmi? Ona görə də, İrana güvənmək, inanmaq olmaz! Zatən, ox yaydan çıxıb. Ümumillikdə İranda baş verən proseslər fonunda Güney Azərbaycan Cümhuriyyəti qurulmadıqca, biz rahat ola bilməyəcəyik. Ona görə də, güneyli qardaş və bacılarımızdan tək istəyimiz var. Bu hərəkatdan bir addım geri atmamalıdırlar, biz də quzeylikər olaraq onların arxasındayıq. İran çökməlidir! Çökdükdən sonra Tehranda qurulacaq bir Tehran Respublikası ilə biz hansısa bir formada iş birliyi düşünə bilərik. Amma, indiki halda İranı idarə edən fars molla rejiminə və bütövlükdə o dövlətə heç bir güvənimiz yoxdur, ola da bilməz!”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top