“İran rejiminin təzyiqlərinə görə, ABŞ Azərbaycanı dəstəkləyəcək” — Ərəstun Oruclu ilə MÜSAHİBƏ

MÜSAHİBƏ 17 noy 2022, 12:14
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun "Demokrat.az" saytına müsahibəsi:

-    Ərəstun müəllim, fars rejiminin Azərbaycana təhdidləri ilə bağlı ABŞ-ın mövqeyi birmənalıdır. ABŞ  belə sərt mövqe sərgilədiyi bir vaxtda Ermənistan İranla sıx hərbi əməkdaşlığa, hətta hərbi ittifaq qurmağa hazırlaşır. ABŞ “demokratik”, “qərbçi” Paşinyan hökumətinin bu riyakar siyasətinə niyə göz yumur?

-    Təbii ki, ABŞ Dövlət Departamentinin bəyanatında birmənalı şəkildə bildirildi ki, İran rejiminin Azərbaycana təzyiqlərinə görə, Azərbaycan birmənalı şəkildə ABŞ tərəfindən dəstəklənəcək. Bu, şübhəsizdir. Eyni zamanda, “qərbçi”, “demokrat”, inqilabçı Paşinyanın son zamanlar Rusiyanın əlində alət olması və İranla yaxınlaşması əminəm ki, özəlliklə nə ABŞ-ın, nə də bütövlükdə Qərbin, NATO-nun diqqətindən yayınmayıb. Həmçinin, İranla Ermənistan arasında mümkün silah sövdələşməsi də diqqətlərindən yayınmayıb. Ermənistanın təkcə İranla deyil, həm də Hindistanla danışıqlar aparması heç kəsin diqqətindən yayınmır. Çünki xüsusilə indiki mərhələdə silah alış-verişi elə bir məsələdir ki, bu son nəticədə bu və ya digər bölgədə geosiyasi proseslərə təsir edir. Əminəm ki, bu diqqətdən qaçmayıb və zamanı gələndə onun cavabı veriləcək. Amma Azərbaycana dəstəyin ifadə olunması elə Ermənistanın addımlarına reaksiyadır. Bunu belə də qəbul etmək olar. Siyasətdə, diplomatiyada hökmən deyil ki, hər söz açıqlığı və çılpaqlığı ilə deyilsin. Əslində, Azərbaycana dəstəyin ifadəsi elə çox açıq şəkildə bildirildi. Yəni, burada da Ermənistan öz payını götürməlidir. Bu, şübhəsiz hələlik bir mesajdır.

-    Ermənistan Rusiya ilə də hərbi müttəfiqliyinin davam etdirməsi heç kəsə sirr deyil. Amma Ermənistan həm Fransadan, həm də ABŞ-dan silah almağı hədəfləyib. Bu necə ola bilər?  

-    Ermənistanın ABŞ-dan, Fransadan silah alması məsələsi erməni mətbuatında erməni siyasətçiləri, politoloqları tərəfindən dövriyyəyə buraxılmış dezinformasiyadır. Mən inanmıram ki, ABŞ Ermənistana silah verə bilər. Elə Fransanın özünün də verməsi mümkün deyil. 

-    Bunun səbəbi nə ilə bağlıdır?

-    Bunun səbəbi olduqca sadədir. Hələ Birinci Qarabağ Müharibəsi başlayanda NATO ölkələrinə  və ümumiyyətlə, BMT tərəfindən münaqişə tərəflərinə silah verilməsinə embarqo tətbiq olunub. NATO ölkələri də bunu hər zaman çox dəqiq icra ediblər. Nə Azərbaycana, nə də Ermənistana silah verilməyib. Ona görə də, hər iki ölkə uzun illər boyu silahı Rusiyadan alıb. Rusiya da bu silah alqı-satqısı vasitəsilə bölgədə politieti qoruyub saxlamağa nail olub. Yəni, Ermənistanla Azərbaycan arasında hərbi balansı qoruya bilib. Bu balans o zaman dəyişdi ki, Azərbaycan alternativ yollar tapdı və alternativ yollardan biri İsrail idi. Qarabağ müharibəsi ərəfəsində də bilavasitə bu Türkiyə oldu. Baxmayaraq ki, Türkiyə NATO ölkəsidir. Azərbaycanla ikitərəfli anlaşma şərtləri çərçivəsində Azərbaycana müəyyən silahlar ixrac etdi. Amma yenə deyirəm ki, artıq onda geosiyasi vəziyyət dəyişmişdi. Ermənistan-Azərbaycan münaqişəsində Türkiyənin Azərbaycana dəstək verməsinin səbəbi onun təkcə Türkiyə olması deyildi, həm də NATO ölkəsi olması idi. Yəni, NATO çərçivəsində bu gün tərəfdaş kimi Azərbaycan qəbul olunub, xüsusilə də, Ermənistanın Rusiyanın və İranın əlində alət olması fonunda. Ona görə də, düşünmürəm ki, hansısa silahların Ermənistana verilməsi mümkündür. 

Yeri gəlmişkən, belə bir faktı da deyim. Vaxtilə Azərbaycanın Ukraynadan aldığı "MİQ-29" təyyarələrinin elektronikasını və onun  bütün naviqasiya sistemini təkmilləşdirən Fransa şirkəti olub. Gördüyümüz kimi, sözdə Ermənistana dəstək guya ifadə olunsa da, əslində Fransanın özü də hərbi sahədə Azərbaycanla əməkdaşlıq  edir. Baxmayaraq ki, bu müəyyən mənada məhdud əməkdaşlıq olub. Yəni, dediyim kimi, bu sözlərin əksəriyyəti təbliğat xarakteri daşıyır. Paşinyan hökuməti də başa düşür ki, onun həmin silahları almaq üçün ən azı maliyyə imkanları yox dərəcəsindədir.

-    O zaman Paşinyan hökumətinin əsas məqsədi nədir? 

-    Ölkənin daxilindəki revanşistləri zəiflətmək üçün, onun mövqeyinə xələl gətirmək üçün Paşinyan hökuməti çalışır ki, onlardan daha radikal görünsün. Belə şeylərə əl atır. ABŞ-dan silah almaq, Fransadan silah almaq kimi məsələləri gündəmə gətirir. Paşinyan hökuməti maksimum İrandan silah ala bilər. Hələ Hindistan da çox böyük sualdır. Hindistandan ala bilərmi? Buna da əmin deyiləm. Bunun da səbəblərindən birincisi maliyyə məsələsi, ikincisi embarqo məsələsidir. Üçüncü  səbəb isə  odur ki, İrandan və Rusiyadan silah alan Ermənistan ABŞ-dan, Fransadan silah ala bilməz. Bu, qeyri-mümkündür. Ona görə dediyim kimi, bu təbliğatdan başqa bir şey deyil. Paşinyanın öz daxili opponentlərinə qarşı istifadə etdiyi bir tryukdur.


Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top