Azərbaycan-Albaniya münasibətləri yeni inkişaf mərhələsində

SİYASƏT 17 noy 2022, 12:01
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsas prioritetləri xalqımızın milli mənafeyinə xidmət edir.  Bu uğurlu siyasi kurs respublikamızı dünyanın sayılıb-seçilən dövlətləri sırasına qoşub. Artıq dünya birliyi də Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələrin həyata keçirilməsinin  mümkünsüzlüyünü etiraf edir.  Ölkəmiz, eyni zamanda, BMT, ATƏT, Avropa Şurasının, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatların üzvü və  fəal iştirakçısıdır.

Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun Ermənistan üzərindəki tarixi Qələbəsindən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artıb. Artıq möhtərəm Prezidentimiz  xarici ölkələrə səfərləri zamanı qalib dövlətin başçısı kimi qəbul edilir.  Dövlət başçımızın bugünlərdə  Albaniyaya baş tutan dövlət səfəri zamanı da bunun şahidi olduq.

Xatırladaq ki, Albaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Belə ki, rəsmi Tirana 1992- ci il yanvarın 4- də Azərbaycanın müstəqilliyini tanıdığını bəyan etmiş, 1993- cü il sentyabrın 23- də isə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Həmin vaxtdan başlayaraq, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin getdikcə yaxşılaşdırılmasında, habelə Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq yaradılmasında mühüm rol oynamışdır. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə olub. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da ölkəmizdə səfərdə olub.

Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq da iki ölkə arasında əlaqələri gücləndirib.  Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək  qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Albaniya Prezidenti Bayram Beqayın də mətbuata bəyanatında iki ölkə arasında münasibətlərin getdikcə yaxşılaşacağını vurğuladı. Dedi ki, Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30- cu idönümü ərəfəsində əməkdaşlığın daha intensiv mərhələsinə qədəm qoyulacaq.

Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına güclü təkan verəcəyini bildirdi və gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanların olduğunu bildirdi. 

Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizdən söhbət açdı  və dedi ki, Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüquq bərpa olundu. 1993- cü ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin  qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi.  Faktiki olaraq, Ermənistan bu qətnamələrin icrasına maraq göstərmir və məhəl qoymurdu.  Beynəlxalq  birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq etmirdi. Bu, həm də dünyada baş alıb gedən ikili standartın və islamofobiyanın mövcudluğundan irəli gəlirdi.

Dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə göz yumur, Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsinə laqeyd müsnasibət bəsləyir, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq  kimi hərbi cinayətə susrdu. Həmin ərazilərdəki erməni vandallığı nəticəsində  törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə  yarasız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmiş, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar . Bununla da  bütün müsəlmanların hisslərinə toxunmuşlar. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə hazırda  Azərbaycan Bayrağının dalğalandığını bildirdi. Dedi ki, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdır.

Bu gün iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında  ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər.

Dövlət başçımız Azərbaycanın beynəlxalq əlaqələrinin getdikcə möhkəmlənməsindən də söhbət açdı. Dedi ki, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib: “Demək olar, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq - son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar. Albaniya da NATO-nun üzvü kimi, NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir”.

Çingiz QƏNİZADƏ
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top