“Rusların Qarabağda sülhməramlı kimi qalması gülüncdür” — Partiya sədri

SİYASƏT 11 noy 2022, 19:42
“Sülhməramlılar nəinki yarıtmaz fəaliyyətlə məşğuldurlar, həm də Azərbaycan ərazilərində özlərini işğalçı kimi aparırlar. Xatırlayırıq ki, bu adamlar gələndən sonra Azərbaycan ərazilərində razılaşdırılmadan park saldılar, parkda rus mütəfəkkirlərinin heykəllərini qoydular. Ermənilər üçün hansısa digər mədəniyyət klubları tikdilər. Dolayısıyla mesaj verməyə çalışırlar ki, buralar bizim torpaqlardır. Hansı ki, onların ora gətirilmə səbəbi Azərbaycanın erməni vətəndaşları və digər vətəndaşları arasındakı mümkün qarşıdurmanın qarşısını almaqdır. Onların işi orada humanitar yardım, kömək etmək deyil! Qaçan erməniləri zorla ora qaytarmaq deyil! Bu məsələdə görünən odur ki, rus sülhməramlıları ermənilərdən istifadə edərək, Azərbaycan ərazilərini işğal etmək istəyir. Necə ki, Ukraynada, Gürcüstanda, Moldovada edib, eləcə də Azərbaycanda birbaşa Ukraynadakı fəaliyyətini davam etdirmək istəyir. Azərbaycan torpaqlarını öz işğalında saxlamaq istəyir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib. Partiya sədri əlavə edib ki,  Azərbaycan isə buna nə imkan yaradacaq, nə də göz yumacaq. 
“Qeyd edim ki, sülhməramlılar onların nəzarətində olan Laçın yolundan Qarabağa, Azərbaycan ərazilərinə qanunsuz silah daşınmasına göz yumur və bir çox hallarda özü bu silah daşımada iştirak edir. Yəni, revanşistlərə Azərbaycana qarşı təxribatları üçün yardımlar edir. Bu da regionda hər iki dövlət üçün vəziyyəti gərginləşməsinə, yenidən itkilərin, döyüşlərin başlanmasına səbəbiyyət verəcək. Həmin Laçın dəhlizindən isə kimi gəldi Azərbaycan ərazilərinə nəzarətsiz buraxırlar. Bu, Fransa senatı ola bilir, Rusiyanın hansısa məmuru, siyasətçisi, hərbiçisi ola bilir.  Hansı ki, bunlar da hamısı Azərbaycan qanunvericiliyinin pozulmasıdır. Hesab edirəm ki, rus sülhməramlıları 5 ili tamamlanmadan Azərbaycan ərazilərini tərk etməsini tələb edilməlidir. Necə ki, Qazaxıstan KTMT-nin ordusunu dəvət etdi və qısa müddətdə çıxmasını tələb etdi. Biz də eynən o işi görməliyik və bunlardan tələb etməliyik ki, artıq Azərbaycanın sizin xidmətlərinə ehtiyacı yoxdur. Artıq Azərbaycan vətəndaşlarının hüquqlarını özü qoruyacaq və sizin varlığınız regionda gərginliyin daha da artmasına gətirib çıxarda bilir. Eyni zamanda rusların Ukraynaya işğalçı hücumundan sonra formalaşan imiclərini nəzərə alsaq, əslində onların Qarabağda sülhməramlı kimi qalması gülüncdür və gülüş doğurur. Bu mənada düşünürəm ki, rus sülhməramlıları ən qısa zamanda Azərbaycan ərazilərini tərk etməlidir!”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top