Xırdalanda 45 yaşlı kişi keçmiş arvadını evində döydü — TƏFƏRRÜAT

KRİMİNAL 10 noy 2022, 10:35
Abşeron rayonunda 1977-ci il təvəllüdlü Sədi şəxsi münasibətlər zəminində keçmiş arvadı Validəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində baş verib. Sədi həmin ünvanda yerləşən evdə olan zaman keçmiş arvadı Validənin barışmaq istəməməsi səbəbindən mübahisə edib. 

Mübahisə zamanı Sədi Validənin baş nahiyəsinə yumruqla vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Sədinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sədi elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Validə ilə 1994-cü ildə rəsmi nikaha daxil olub. Onun sözlərinə görə, 3 il əvvəl aralarında yaranmış münaqişələrə görə ondan faktiki olaraq ayrılsa da, rəsmi olaraq 2022-ci ildə nikahları pozulub: “Bu nikahdan bizim 3 uşağımiz var. Nəzrin adlı qızım bizimlə bir yerdə yaşayır. Dəfələrlə Validəyə barışıq təklif etsəm də, Validə bundan imtina edib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, uşaqlarını və nəvələrini görmək məqsədilə hadisə baş verən günü, saat 15 radələrindəValidənin Xırdalan şəhəri, Quşçuluq massivində kirayə yaşadığı evə gedib: “Validə qışqıraraq hansı səbəbdən yaşadığı evə gəldiyimi soruşdu. Mən isə Validəyə sakit tərzdə övladlarım və nəvələrim üçün darıxdığımı, keçmişdə olanları unutmağı və onunla barışmaq istədiyimi bildirdim. Lakin Validə yenidən səs-küy salaraq məni nalayiq söyüşlərlə təhqir etməyə başladı. Mənimlə barışmaq istəmədiyini dedi. Validənin sakitləşdirmək istəsəm də, Validə səs-küy salmağa davam etdi”. 

Sədi deyib ki, Validənin təhqirlərindən və səs-küy salmasından əsəbləşərək yumruqla onun baş nahiyəsinə zərbə vurub: “Zərbənin təsirindən Validə yerə yıxıldı. Validə yerə yıxıldıqdan sonra 2-3 dəfə təpiklə yenidən onun baş nahiyəsinə zərbə vurdum. Daha sonra isə oradan getdim”. 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Validənin sözlərinə görə, Sədidən rəsmi olaraq ayrılsalar da, Sədi mütəmadi olaraq onun yaşadığı evə gəlib və onu narahat edib: “Hadisə günü, saat 15 radələrində Xırdalan şəhərində kirayə yaşadığı evdə olarkən Sədi oraya gəldi. Sədidən hansı səbəbdən gəlməsini soruşdum. Sədi mənimlə danışmağa gəldiyini və barışmaq niyyətində olduğunu dedi.Mən isə onunla barışmaq istəmədiyimi və yaşadığım evi tərk etməsini tələb etdim. Həmin vaxt aramızda mübahisə yarandı. Mübahisə zamanı Sədi baş nahiyəmə təpiklə bir neçə dəfə zərbə vurdu. Zərbənin təsirindən yerə yıxılsam da, çətinliklə ayağa qalxaraq bayıra çıxdım. Lakin huşumu itirərək yerə yıxıldım. Bir neçə dəqiqə sonra özümə gəldikdə isə Sədi orada olmadı. Mən qızım Nəzrinə zəng edərək Sədinin məni döydüyünü dedim. Nəzrin yaşadığım evə gələrək məni təcili tibbi yardım avtomobili ilə xəstəxanaya apardı”. 

Zərərçəkmiş deyib ki, təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir şikayəti yoxdur. 

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən məhkəmə Sədinin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top