Şanlı Zəfər tariximiz daha güclü, bütöv Azərbaycan doğuracaq

SİYASİ 08 noyabr 2022, 17:33
Zaman ötdükcə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin miqyası, əzəməti, tarixi önəmi daha aydın şəkildə görünür. Təkcə zamanmı?! Bu gün Ukrayna ilə Rusiya arasındakı müharibə, dünyanın ayrı-ayrı bölgələrində sərhədlərin dəyişdirilməsinə yönəlik cəhdlər, yaranan mürəkkəb durum Azərbaycan Ordusunun Zəfərinin hansı çətinliklər, hansı əzm, iradə, güc hesabına qazanıldığını yenidən göz önünə sərgiləyir. 

Azərbaycanın tarixi Zəfəri təkcə erməni faşizmi üzərində qələbə deyil. Bu, haqqın, tarixi ədalətin, ayaqlar altına atılan beynəlxalq hüququn bərpası ilə yanaşı, illərdir başqa dövlətlərin ərazi bütövlüyünü təhdid edən separatizmə, əsrlərdir sürən ekspansionizmə sarsıdıcı zərbə idi. Dəqiq ifadə etsək, 8 Noyabr Zəfəri yalnız Azərbaycanın yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyib. İki il ərzində istər postsovet məkanında, istərsə də digər bölgələrdə yaşanan prosesləri izləmək yetər ki, Azərbaycanın Zəfərinin hansı planları alt-üst etdiyi daha yaxşı dərk olunsun.  Və bu tarixi Qələbənin Azərbaycan xalqını daha böyük zəfərlərə daşıyacağının ilkin konturları da görünməkdədir. 

Müstəqil dövlət olan Azərbaycan qısa müddətdə bu imkanlara necə sahib oldu? 200 ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən, arxasına dünya güclərini alan erməni şovinizminin kökünü 44 günə necə kəsə bildi? Bütün dünyaya bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə necə isbatladı?

Bu sualları hər bir vətəndaşımız özünə verməli, yaxın tariximiz unudulmamalıdır. Söhbət ondan gedir ki, Azərbaycanın tam müstəqilliyi uzaq keçmişə dayanmır. Ötən əsrin əvvəllərində cəmi iki il mövcud olan və itirilən müstəqillik 70 il sonra bərpa edildi. 30 ildən artıqdır Azərbaycan müstəqil dövlətdir və təqribən Qarabağın işğal tarixi ilə yaşıd olan bir müstəqilliyə malik idik. 1990-cı illərin əvvəllərində bərpa olunan müstəqillikdən sonra dövlətin naşı idarəçilərin əlinə keçməsi yeni fəlakətlərin də təməlini qoydu. Qarabağın işğalı ilə bərabər ölkə bütün sahələrdə xaosa yuvarlandı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqilliyin sonunu gətirəcək, Azərbaycanı bir neçə hissəyə böləcək məkrli planlar durduruldu. Böyük dövlət xadiminin, siyasət ustasının tarixi xidmətləri nəticəsində Azərbaycan sanki yenidən müstəqillik qazandı və bütün sahələrdə inkişafın təməli qoyuldu, ölkəmiz durduqca var olacaq dövlətçilk ənənələri yarandı. Bütün islahatların, imzalanan yeni neft müqavilələrinin, sürətli ordu quruculuğunun, düşünülmüş diplomatiyanın bir hədəfi var idi - əzəli torpaqlarımızı işğaldan azad etmək! Dünyanın mövcud mənzərəsi, ikili standartlar, erməni faşizminə istər bölgədəki, istərsə də bir sıra Qərb dövlətlərindən yetərli əks reaksiyanın olmaması, bu azmış kimi işğalın bəzən açıq, bəzən də dolayısı yolla dəstəklənməsi və Azərbaycanın işğalla barışmasına nail olmaq siyasətinin yürüdülməsi əzəli torpaqlarımızı azad etmək hədəfinə çatmağı daha da çətinləşdirirdi. Dünyanın bir sıra güclü dövlətlərinin, problemi sülh yolu ilə həll etmək mandatı daşıyan ATƏT-in Minsk Qrupunun bütün fəaliyyətinin əsl qayəsi də qeyd olunanlardan uzağa getmirdi. Erməni lobbisinin əlində oyuncağa çevrilən bu qüvvələr Azərbaycanın müxtəlif təzyiqlərlə haqq savaşına qalxmasını əngəlləmək, prosesi uzatmaqla məşğul idi, beləliklə, mövcud vəziyyətin sonsuza kimi davam edəcəyi görüntüsü yaranırdı. 
Ümummilli lider Heydər Əliyevdən sonra prosesin hansı məcraya yönələcəyi, Azərbaycanın öz hədəflərinə necə çatacağı bir çoxunu düşündürürdu. İlham Əliyevin Prezident seçilməsindən sonra Heydər Əliyev yolunun ən layiqli davamçısı olduğunu öz işi ilə sübuta yetirməsi uzun sürmədi. Güclü Azərbaycan konsepsiyası yeni dövrün çağırışlarına uyğun daha sürətlə gerçəkləşdirilməyə başlanıldı. Ermənilərin, onların havadarlarının Heydər Əliyevdən sonra Azərbaycanın zəifləyəcəyinə olan ümidləri puç oldu. Prezident İlham Əliyev bütün sferalarda inkişafı daha üst mərhələyə daşıdı, güclü ordu quruculuğu bir an olsun, gündəmdən düşmədi. Yürüdülən xarici siyasət Azərbaycanın regional lider kimi mövqeyini daha da möhkəmləndirdi. Nəqliyyat-logistik, həmçinin yeni enerji layihələri dövlətimizin təhlükəsizliyinə daha ciddi zəmanət yaratdı. 

Ölkənin diplomatiya, ordu, iqtisadiyyat və başqa sahələrdə qazandığı yeni-yeni nailiyyətlər Qarabağın azad olunması ilə tamamlanmalı idi. Bunun üçün düzgün zaman seçilməli və təkcə ermənilərlə deyil, dünyanın ermənilərin himayədarına çevrilən gücləri ilə savaşmaq üçün qüdrət, qətiyyət lazım idi. 2020-ci ilin 27 sentyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu çətin və şərəfli missiya başladı. Erməni təxribatlarına cabab olaraq hərbi əməliyyatlara start verən Azərbaycan Ordusunun cəmi 44 günə belə bir şanlı Zəfərə imza atacağını heç kim düşünmürdü. O vaxt Azərbaycan əsgərinin bu tezliklə Şuşaya bayraq sancacağını kimsə təsəvvür etmirdi. Hamı haqq savaşımızın bir necə gün çəkəcəyini, yenidən mənasız danışıqların başlanacağını daha çox ehtimal edirdi. Fəqət tam əksi baş verdi, bütün dünya meydanda güclü Azərbaycan Ordusunu, onun Ali Baş Komandanın yenilməz iradəsini və  böyük sərkərdəlik məharətini, cəmiyyəti bir nəfər kimi vahid amal uğrunda səfərbər etmək bacarığını gördü. Düşmənin birliyimizi pozmağa, millətin ruhunu qırmağa hesablanan müharibə cinayətləri, qanlı terror aktları xalqımızın əzmini, iradəsini əzə bilmədi, bütün Azərbaycan xalqı əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Prezident İlham Əliyev 44 gün ərzində bir yandan Ali Baş Komandan kimi cəbhədə gedən əməliyyatlara rəhbərlik edirdi, digər yandan  Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlərin qarşısında qətiyyətlə dayanırdı. Dövlətimizin başçısı bu siyasi təzyiqlərə peşəkarlıqla, məharətli və vaxtında atılan diplomatik addımları ilə duruş gətirir və bütün təzyiqləri neytrallaşdırırdı. 

İlham Əliyevin xarici televiziyalara verdiyi müsahibələri hamı yaxşı xatırlayır. Ali Baş Komandan Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsindən bir addım belə geri durmadı, dünyada mövcud olan ikili standartları, riyakarlığı elə bu siyasəti icra edən ölkələrin televiziyalarına müsahibəsində ifşa edir, Ermənistanın onilliklərlə beynəlxalq ictimaiyyəti zəhərləyən təbliğatını iflasa uğradır, həm münaqişə, həm də müharibə haqqında həqiqətləri çatdırır, kimin işğalçı, kimin isə işğala məruz qalan tərəf olduğunu  faktlarla sübuta yetirirdi. Bu dipolomatik savaş beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısını müvəffəqiyyətlə almaqla, cəbhədə tarixi qələbəyə imkan verdi. Düşünülmüş addımların, prinsipiallığın, qətiyyətin, öz xalqına, Vətəninə bağlılığın nəticəsi özünü 44 günün hər dəqiqəsində, hər saatında göstərirdi. 

Nəticə o oldu ki, 30 il bir kəndin, kiçik bir təpənin, yüksəkliyin alınmasına qələbə kimi yanaşmağa alışan xalq 44 günə  Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Cəbrayılın, Şuşanın düşmən tapdağından xilas olmasının sevincini yaşadı. Təslim olan düşmənin geri verdiyi Kəlbəcərin, Ağdamın, Laçının azadlıq qürurunu yaşadı. 8 noyabr tarixi-Şuşa əməliyyatı isə əsl hərbi ustalıq və qəhrəmanlıq nümunəsi, düşmənin son müqavimətinin sındırılması və onun təslimi ilə tarixə həkk edildi. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni təslimçilik aktına imza atmağa məcbur etdi...

Ukraynada baş verənlər hadisələr, Azərbaycan hakimiyyətinin 44 günlük Vətən müharibəsi zamanı doğru və düşünülmüş siyasət həyata keçirdiyini, doğru qərarlar verdiyini də bir daha təsdiqlədi. Azərbaycanın qələbəsinin dünya tərəfindən tanınmasına da nail olduq. İş ondadır ki, qələbənin tanıdılması onun qazanılması qədər çətin bir prosesdir və Prezident bu mərhələni də uğurla gerçəkləşdirdi. Uzaq və yaxın tarixə nəzər salsaq, onlarla nümunə göstərmək olar ki, bir çox dövlətlər hərbdə qazandıqları qələbəni siyasi müstəvidə tanıtdırmağa nail ola bilməyiblər. Vətən müharibəsindən sonra Ermənistanla imzalanan bəyanatlarda, ayrı-ayrı nüfuzlu qurumların sənədlərində Qarabağ münaqişəsi ifadəsinin yer almaması, Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə əks olunması ölkəmizin cəbhədəki uğurunu tamamlayan ən böyük diplomatik uğurdur. Azərbaycan Türkiyə ilə müttəfiqliyini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirməklə özünün təhlükəsizliyini daha da etibarlı müstəvi üzərinə gətirdi. Bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər quran Azərbaycan dövləti qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla ölkəmizin bərpa olunan ərazi bütövlüyünü tanıtdırdı. Ölkəmiz bu gün və gələcəkdə baş verəcək mümkün geosiyasi kataklizmlərdən sığortalandı.

Beləliklə, artıq iki ildir, verdiyi şəhidlərinin, günahsız qurbanlarının, faşist düşmənin törətdiyi cinayətlərin qisasını alan Azərbaycan xalqı qalib  millət kimi yaşayır. Dünya hərb tarixində yeni səhifə açan Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının dünya tərəfindən öyrənilməsi danılmaz faktdır.

Regionda sülhün, təhlükəsizliyin və inkişafın qarantına çevrilən, daha da qüdrətlənən Azərbaycan son iki ildə Ermənistanın baş qaldırmaq istəyən revanşist ünsürlərinin planlarını beşiyindəcə boğub və onların qarşısında Azərbaycanın dəmir yumruğunun dayandığını bir daha sübuta yetirib. 
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli quruculuq işləri, bir il ərzində iki beynəlxalq hava limanının istifadəyə verilməsi, eyni zamanda üçüncü hava limanının inşasının sürətlə davam etməsi, yolların, tunellərin inşası, bir qisminin istifadəyə verilməsi, Ağalı kəndinin timsalında Böyük Qayıdışın start götürməsi və s. Azərbaycanın iqtisadi gücünün, qüdrətinin əyani təzahürüdür. Azərbaycan bütün bu layihələri, Qarabağı, Şərqi Zəngəziru cənnətə çevirən prosesi yeni-yeni nümunələr yaratmaqla təkbaşına, heç bir qurumdan maliyyə yardımı almadan icra etməkdədir. Müharibədən çıxmış bir ölkənin qüdrətini bundan aydın göstərən nümunə tapmaq mümkündürmü?! 

Azərbaycanın yaxın dövrdə yeni zəfərlərə imza atacağı, tarixin yeni şanlı səhifələrini yazacağı heç kimdə şübhə doğurmur. Bu əminliyi dövlətə İlham Əliyev kimi Liderin rəhbərlik etməsi yaradıb. Güclü ordu quran, uğurlu beynəlxalq siyasət yürüdən İlham Əliyev tarixi şəxsiyyət kimi bütövlükdə dünya hərb tarixində öz layiqli yerini tutub. Bu gün ayrı-ayrı ölkələrdə baş verən və uzanan hərbi toqquşmalar  Prezident İlham Əliyevin necə bir güclü siyasətçi və sərkərdə olduğunu bir daha ortaya qoyur. 

Çünki Azərbaycan Zəfəri təkbaşına, öz qəhrəman övladlarının qanı, canı hesabına qazandı. Başqa ölkələrə dəstək verən NATO, Qərb Azərbaycanın yanında durmadı. Yalnız xalqının inamına, qurduğu ordunun gücünə güvənən İlham Əliyev Ordumuzun şanlı tarix yazması, alnımızdakı qara ləkəni təmizləməsi üçün nə mümkündürsə etdi. Zəfər tarixinin müəllifi ODUR və bu tarix daha güclü, bütöv Azərbaycan doğuracaq!

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
Top