"Moskva üzərinə düşən məsuliyyətdən boyun qaçırır" — Deputat

GÜNDƏM 09 may 2025, 13:25
“Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmamayacağının səbəbləri cəmiyyətdə maraq doğurub. Hər şeydən əvvəl onu deyim ki, Prezident İlham Əliyevin xarici siyasətinin əsasını milli maraqların üstün tutulması təşkil edir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.

Millət vəkili qeyd edib ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb:

“Eləcə də bu hadisədə aşkar olan günahkarlar tapılaraq məsuliyyətə cəlb olunmayıb. Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə hələ də rəsmi aydınlıq gətirməyib. Bütün bunlar onu göstərir ki, Moskva Azərbaycanla münasibətlərin bərpasına və sağlamlaşdırılmasına maraqlı deyil. Təyyarənin vurulmasından bu günə kimi iki ölkə arasında münasibətlər gərgin olaraq qalır, çünki Moskva öz üzərinə düşən məsuliyyətdən boyun qaçırır”. 

O əlavə edib ki, bu gün ölkə başçısı Rusiyanı məsuliyyətə çağırmaqla dövlətimizin qırmızı xətlərini nümayiş etdirir:

“Azərbaycan Prezidentinin  bu duruşu  dövlətimizin AZAL-ın təyyarə qəzasıyla bağlı tələblərin arxa plana keçmədiyinə işarədir. Təbii ki Rusiya təyyarə böhranını aradan qaldırmaq üçün ilk addımı məhz Prezident İlham Əliyevi Qələbə paradına dəvət etməkdə gördü. İlham Əliyev dəvəti ilk öncə qəbul etsə də, sonra təyyarə qəzasıyla bağlı tələblərin Rusiya tərəfindən arxa plana atıldığını gördükdə paradda iştirak etməkdən imtina etdi. Azərbaycan Prezidenti haqlı olaraq milli maraqlarımızı qorudu. Düşünürəm ki, Rusiya dövlətimizin qırmızı xəttini aydın şəkildə anlayıb, öz məsulliyyətini yerinə yetirəcəkdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top