“Biz o vaxt Əkrəm Əylisliyə ustad deyirdik” — Baba Vəziroğlu

ƏDƏBİYYAT 08 noy 2022, 10:11
Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı arxada qalsa da, bu qurumun ətrafında yaranmış müzakirələr davam edir.   

Yazıçı Əkrəm Əylislinin Anarın vaxtilə "yuxarıların" göstərişi ilə Yazıçılar Birliyinin sədri təyin olunması ilə bağlı iddialarına şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu cavab verib.

O, həmin vaxtla bağlı xatirələrini Yenisabah.az-la bölüşüb:

“Əkrəm Əylislinin açıqlamasını oxudum. O öz versiyasını deyib, mən də öz versiyamı demişəm. Mənim versiyam özümə görə dəqiqdir, çünki mən bilirəm ki, mənə heç kəs Anarın seçilməsi ilə bağlı nə isə deməyib. Nə Həsən Həsənov, nə də qeyri bir hökumət adamı mənə hər hansı tapşırıq verməyib. Mən o vaxt gənc yazar idim partiya orqanları ilə ünsiyyətim yox idi ki, mənə taşırıq verəydilər. Biz özümüz - Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Mövlud Süleymanlı yığışdıq və bu qərara gəldik ki, Anar sədr olsun. O vaxt Əkrəm müəllimin ətrafında idik, ona ustad deyirdik. Elə indi də ona ustad deyirik, Əkrəm Əylisli böyük yazıçıdır. Bundan sonra plenum oldu və orada Anarın namizədliyini verdik. İsmayıl Şıxlı da orada özünü çox mərdi-mərdanə apardı, elə ilk çıxışında mən Azərbaycan kişisinə xas xüsusiyyəti onda gördüm. O, həmin vaxt özünü əsl Cahandar ağa kimi apardı. Plenumda “İsmayıl müəllim yaxşı kişidir, amma işində nöqsanlar var” fikirlərini eşidən kimi, tez onların sözünü kəsdi. Məclis başlamamış dedi ki, ay balam, bilirəm nə demək istəyirsiniz, siz Allah, qan qaraldıcı söhbətlər etməyin, mən gedirəm, müəllimlik üçün də darıxmışam. Hamıya uğurlar arzulayıb, qalmaqalsız, ağsaqqal müdrikliyi ilə işdən ayrıldı. Başqa, vəzifədən zəli kimi yapışan bir adam olsaydı, bəlkə də çox biabırçılıqlar olardı, amma İsmayıl Şıxlı ovqatı başdan hiss etdi və xoş üzlə getdi. Mehriban bir plenum olmuşdu, bu məsələni bu qədər dramatikləşdirmək lazım deyildi. Bəlkə də həmin plenum Yazıçılar Birliyinin ən mehriban vəzifə dəyişikliyi idi. Mən hadisələri belə xatırlayıram”.

B.Vəziroğlu Anarın sədr seçildiyi vaxt heç bir dövlət adamından zəng almadığını bildirib:

“Həmin vaxt mənə heç kim zəng etməmişdi ki, Anarı sədr seçin. Eləcə də digər cavanlara. Kim bizi o zaman yüksək qiymətləndirirdi ki, zəng də edəydilər? O boyda Nazirlər Kabinetinin sədri bizə zəng edib belə bir söz deməyi heç özünə sığışdırmazdı. Əgər elə desəydi bizim gözümüzdən düşərdi. Mən Həsən Həsənovun da, Əkrəm Əylislinin də xətrini çox istəyirəm, amma mənim yadımda qalan hadisə məhz o cür olmuşdu. Kiminsə yadında başqa cür qalıbsa, bu artıq mənim səlahiyyətlərimdən kənardadır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top