Vətən müharibəsi şanlı tariximizdir

DAXİLİ SİYASƏT 06 noy 2022, 16:04
Azərbaycan öz qələbəsi ilə beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etdirdi

Ötən ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görüldü. Ali Orden dövlətimizin başçısına 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasıınn Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edilmişdir”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdimetmə mərasimindəki çıxışında demişdir: “Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.

Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir”.

2020-ci il 27 sentyabr – 2020-ci il 10 noyabr. Azərbaycanın İkinci Qarabağ savaşı. O, tariximizə belə yazıldı. Əslində, 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə aparan yolun başlanğıcı bir qədər əvvəl qoyulmuşdu. Tarixə Aprel döyüşləri kimi yazılan savaşda.

Aprel döyüşləri ərəfəsində  beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı yeni təkliflər irəli sürmüş, eyni zamanda ABŞ hökuməti də Ermənistana həmin məsələyə dair bir sıra müraciətlər ünvanlamışdı. Beləliklə, münaqişənin sülh yolu ilə nizamlanmasının yeni perspektivləri formalaşmağa başlamışdı. Təbii ki, belə bir dönüş Ermənistan rəhbərlərini qətiyyən qane etmirdi və status-kvonun dəyişdirilməsinə mane olmaq üçün onlar təmas xəttində vəziyyətin gərginləşdirilməsi yolunu seçdilər. Ermənistan silahlı birləşmələri Azərbaycanın cəbhəyanı mövqelərini və dinc əhalinin yaşadığı kəndləri atəşə tutdu. Azərbaycan Ordusunun komandanlığı əks-hücum əməliyyatıınn aparılmasına qərar verdi. Məqsəd düşmənin atəş nöqtələrini dəf etmək və onu mülki əhali üçün təhlükəsiz məsafəyə çəkilməyə vadar etmək idi.

Azərbaycan Ordusunun əməliyyat üstünlüyünü neytrallaşdırmağa cəhd göstərən erməni komandanlığı işğal altındakı Ağdərə şəhəri və Madagiz kəndi (indiki Suqovuşan) yaxınlığında yerləşdirilmiş hissələrin köməyi ilə hücuma keçdi, lakin hücum dəf edildi. 300 nəfərdən çox itki verən düşmən geri çəkildi.

Aprel döyüşləri nəticəsində Cəbrayıl, Füzuli və Ağdərə rayonlarının 2 min hektardan artıq ərazisi azad edildi. Ermənistan ordusuna 1994-cü ildə atəşkəs əldə olunduqdan sonrakı dövr ərzində ilk dəfə belə zərbə vuruldu. Bu, düşmənə də, onun havadarlarına da xəbərdarlıq idi, çünki döyüşlər Azərbaycan Ordusunun istənilən tapşırığı icra etməyə qadir olduğunu göstərdi. O zaman döyüşlərdə fərqlənmiş həbçilər qarşısında çıxış edən Azərbaycan Prezidenti: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” – demişdi.

Hər bir dövlətin gücünü onun hərbi potensialı və müdafiə qabiliyyəti müəyyən edir. Silahlı Qüvvələrin gücü təkcə ölkənin hərbi qüdrəti demək deyil, bu, eyni zamanda, dövlətin beynəlxalq siyasət və təhlükəsizlik arenasında mövqeyinin qorunması baxımından əhəmiyyətli faktordur. Qürur hissi ilə deyə bilərik ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan həm də güclü və rəşadətli orduya malikdir.

Təbii ki, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alması heç də təsadüfi deyil. Bunu təmin edən amil xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Xüsusi qeyd etmək lazımdır ki, müstəqil ölkəmizin güclü, qüdrətli ordusunun memarı olan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində ordu quruculuğu prosesinin dövrün çağırışlarına müvafiq olaraq ardıcıllıqla həyata keçirilməsi Azərbaycanın hərbi qüdrətinin artırılması işinə mühüm töhfələr vermişdir. Ümumiyyətlə, ulu öndər tərəfindən hələ sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atılmışdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin o dövrdə Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Həmin məktəb peşəkar hərbçi kadrların yetişməsi işinə müstəsna töhfələr verib və bu gün də müstəqil Azərbaycanın Ordusu üçün zabitlər hazırlayır.

Ümumiyyətlə, ümummilli liderimizin siyasətini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanda ordu quruculuğu çərçivəsində hərbi məktəblərin fəaliyyətinə böyük önəm verir. Bu isə həmin sahədə tədris prosesinin sistemli şəkildə və ardıcıllıqla davam etdirilməsinə, nəticə etibarilə kadr potensialının inkişafına, orduda peşəkarlığın daimi olaraq artırılmasına imkan yaradır. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edirlər. Hərbçilərimiz bir çox ölkələrdə təcrübələrini artırır, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər. Bütövlükdə, bu gün kadr potensialının inkişafı, orduda peşəkarlığın gücünü artıran çox əhəmiyyətli amildir.

İftixaredici haldır ki, Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərdi. Ordumuzun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi missiyasını uğurla yerinə yetirdiyini göstərdi.

Digər tərəfdən, Vətən müharibəsi Azərbaycan Ordusunda sağlam mənəvi-psixoloji durumun, ruh yüksəkliyinin, özünəinam və güclü vətənpərvərlik hissinin hökm sürdüyünü təsdiqlədi. Eyni zamanda, Azərbaycan xalqının qüdrəti, dövlətinin ordusuna qətiyyətli və birmənalı dəstək verməsi şanlı tarixi qələbəmizin əldə olunmasında müstəsna rol oynadı. Böyük fəxrlə deyə bilərik ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, vətənin müdafiəçisi kimi görür, dövlətə və ordumuza prinsipial dəstək verir. Bütün bunlar isə haqq mübarizəsi aparan Azərbaycanın qüdrətini artırır.

İqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi liderin olması Vətən müharibəsində Qələbəni şərtləndirən əsas amil oldu. Müharibə dövründə Prezident İlham Əliyev böyük sərkərdə, Müzəffər Ali Baş Komadan kimi həm hərbi, həm də informasiya cəbhəsində mübarizə apardı, düşmən üzərində qələbəni təmin etdi.

Noyabrın 8-də Şuşanın düşməndən geri alınması ilə Vətən müharibəsində Qələbənin son ştrixi vuruldu. Noyabrın 10-da Ermənistan məğlubiyyət aktına imza atdı. Ay yarım gedən fasiləsiz döyüşlər zamanı uzunmüddətli istehkamlar sistemi yarıldı, düşmən ordusu isə tamamilə darmadağın edildi. Ermənistan rəhbərliyinin bu münaqişəyə digər ölkələri cəlb etmək cəhdləri alt-üst oldu. Bütün dünya birliyi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətindəki səylərinin qanuniliyini təsdiq etdi.

Bəli, Vətən müharibəsi şanlı tariximizdir. İndi qarşıda işğaldan azad olunmuş torpaqların bərpası kimi daha mühüm məsələ durur. Ötən iki ildə bir sıra mühüm işlər görülüb. Kəndlərimiz, qəsəbələrimiz bərpa olunduqca onların əzəli sakinləri doğma yurd-yuvalarına qayıdacaqlar. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız bu çətin işin öhdəsindən də layiqincə gələcək. Qarabağda həyat əvvəlki axarına düşəcək.

Zümrüd QURBANQIZI
“Respublika”


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top