“XTQ-nin cənubdakı hərbi təlimləri ilə İran və Ermənistana mesajlar verilir”

REGİON 04 noyabr 2022, 17:45
“Cari ilin döyüş hazırlığı planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələri ilə cənub bölgəsində keçirilən təlimləri yüksək qiymətləndirirəm”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Deputat qeyd edib ki, Xüsusi Təyinatlı Qüvvələrin sərhəddə keçirilən təlimi əvvəlcədən planlaşdırılıb:
 
“Bu təlimlər Müdafiə Nazirliyinin nəzərdə tutduğu planlar, proqramlar çərçivəsində həyata keçirilir. Burada hərbi təlimlərlə yanaşı təbii ki, region dövlətlərinə, xüsusən qonşu İrana və Ermənistana verilmiş bir sıra mesajlar var idi. Bu mesajlar ondan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibədən sonra qazanılan qələbədən sonrakı eskalasiyada mənfur düşmənə layiqli cavab verməklə yanaşı, özünün standart planına uyğun şəkildə öz hərəkət qabiliyyətini, döyüş qabiliyyətini yüksəltməklə məşğuldur. Azərbaycan öz ordusunu daim möhkəmləndirir və bu ordu istənilən çağırışlara cavab verməyə hazırdır. İkinci bizim sərhədlərimizlə qonşu olan və islam dininə mənsub olan, uzun illər birgə tariximiz olan qardaş, qonşu bir dövlətin tərkibində bizim həm din qardaşlarımızın, həm də öz qardaşlarımız olan azərbaycanlıların yaşadığı dövlətin Ermənistana dəstək verməsi və Ermənistanın müxtəlif cinayətkar addımlarına dəstəklənməsinə qarşı bir növ cavab idi”.

Millət vəkili qeyd edib ki, əslində qonşu və eyni dinə mənsub olan ölkənin öz qardaşına dəstək verməsi təbii olmalıdır.

“Ancaq çox təəssüf ki, bu dəstək İrandakı molla rejimin özünün bəyan etdiyi siyasi fikirlərinə və islam qardaşlığı ideyasına əslində ziddir. Amma bununla birlikdə Azərbaycan hər kəslə mehriban qonşuluq fikirləri ilə yanaşır. Mehriban qonşuluq əlaqələrini inkişaf etdirməyə hər zaman qərarlıdır. Ancaq buna baxmayaraq kimsə də bizim ərazimizə təcavüz edərsə, kimsə bizim ərazimizdə başqa fikirlər düşərsə, onun da qarşısında Azərbaycanın qalib gəlmiş, Ali Baş Komnandan ətrafında sıx birləşmiş silahlı qüvvələri dayanacaq. Bütün bunları yekunlaşdıraraq, onu demək olar ki, burada aparılan təlimlər həm ordunun möhkəmləndirilməsi üçün əhəmiyyətlidir, həm də Ermənistana və bütün region dövlətlərinə tutarlı cavabdır. Azərbaycan nə qədər sülh istəyirsə, Azərbaycan nə qədər dinc yanaşı yaşamaq prinsiplərinə sadiqdirsə, hər zaman da öz ərazilərinin qorunması üçün hər cür fədakarlığa hazırdır. Hesab edirəm ki, bu təlimlər İranın Araz çayı ətrafında keçirilmiş hərbi təlimlərinə Azərbaycanın assimmetrik cavabıdır. Bu, onu göstərir ki, Azərbaycan ordusu güclüdür və  XTQ hər bir tapşırığı yüksək səviyyədə icra etməyə qadirdir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top