“Rus hərbçilərinin Qarabağdan çıxmasının bir yolu var” — Mühüm AÇIQLAMA

QARABAĞ 05 okt 2022, 16:39
“Ermənistan siyasi hakimiyyəti anlayır ki, artıq proseslər onlar üçün dalana dirənməyə doğru gedir. Ən optimal variant Azərbaycanla sülh müqaviləsi imzalamaqdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi (BMDAM) sədri Samir Hümbətov deyib.

Siyasi tətqiqatçı Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanın “fikrimcə, Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin mətnində “Artsax” sözü olmamalıdır” bəyanatını şərh verib.

Samir Hümbətovun sözlərinə görə, rəsmi İrəvan başa düşür ki, Azərbaycan Qarabağın nə müstəqilliyini tanıyacaq, nə ona hansısa formada muxtariyyət verəcək:

“Ermənistan üçün yeganə çıxış yolu Qarabağı Azərbaycan tərkibində tanımasıdır. Uzaq başı, xahiş edə bilər ki, Qarabağda yaşayan ermənilərin hüquqları qorunsun. Azərbaycanda 30 mindən artıq erməni yaşayır. Onların hüquqları necə qorunursa, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının da hüquqları o cür qorunacaq”.

Analitik deyir ki, Ermənistan hakimiyyəti belə bir açıqlama verməklə, əslində, həm beynəlxalq ictimaiyyətə, həm öz cəmiyyətinə, həm də Azərbaycana mesaj ötürür:

“Yəni deyir ki, Qarabağ məsələsində geri addım atdıq, gəlin, oturub danışaq, razılığa gələk. Son sentyarb toqquşmalarından sonra artıq Ermənistan cəmiyyəti anlamağa başlayıb ki, güvəndiyi dövlətlər də arxayın ola bilmir, işlərini ancaq bəyanat verməklə bitirir. Odur ki, dövləti qorumağın ən optimal yolu Azərbaycanla kompromisə getməkdir. 

Simonyanın bəyanatı əslində, bir neçə ay öncə səslənməli idi, o gecikib”.

“Azərbaycan 5 şərt irəli sürüb. O şərtlərinin əsasında da sülh müqaviləsi formalaşacaq. BMT Baş Assambleyasının 77-ci sessiyasında Nikol Paşinyan açıq şəkildə Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edib. O bildirib ki, Ermənistanın 29,8 min kv.km ərazisi var, – deyə S. Hümbətov əlavə edib. – Düşünürəm ki, Paşinyanla Ərdoğanın Praqada keçiriləcək görüşü məsələnin icrasını daha da sürətləndirəcək və yaxın zamanlarda sülh müqaviləsinə getmək mümkün olacaq”.

S. Hümbətov qeyd edib: “Rus hərbçilərinin Qarabağdan çıxması üçün sülh müqaviləsi imzalanmalıdır. Buna Rusiya imkan verəcəkmi? Məlum deyil. Lakin zənnimcə, belə görünür ki, Rusiya imkan verməyəcək”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top