“Biz uşaqları hər tərəfdən psixoloji terrora məruz qoymuşuq” — Sosioloq

SOSİAL 26 sen 2022, 20:31
Ötən gün Xırdalanda 7 saylı məktəbin 10-cu sinif şagirdi bıçaqlanıb. Bıçaqlanmanın digər şagird tərəfindən həyata keçirilməsi iddia olunur. Təhsil ocağında niyə bu cür hadisələr baş verir?

Sualımızı cavablandıran Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı Demokrat.az-a açıqlamasında bildirib ki, son dövrlərdə belə hallarla tez-tez rastlaşırıq. Bu da birbaşa onun göstəricisidir ki, biz cəmiyyət olaraq uşaqlarımıza nə məktəbdə, nə də ki, evdə tərbiyə vermirik. 

“Ölkəmizdə uşaqların davranışları, məktəblərdəki hərəkətləri, psixologiyası çox mənfi istiqamətdə formalaşır və bu hallar sürətlə artır. Dəqiq əminəm ki, biz getdikcə daha çox belə halların şahidi olacağıq və sayı yüksələn xətlə artacaq. Burada şagirdlərin, ümumiyyətlə uşaqların psixologiyasına təsir edən çoxsaylı məqamlar var. Əvvəla, məktəbin əlindən tərbiyə funksiyası alınıb. Artıq neçə illərdir tətbiq olunan və təhsilimizi eybəcər hala salan kurrikulum sistemi qudurğan, bivec, harın uşaqlar formalaşıb, müəllimi tamamilə sındırıb, bütün hüquqlarını əlindən alıb. Loru dildə desək, bu sistemdə müəllim heç nədir, şagirdə bir şey deyə bilməz, tərbiyəli olmağı tələb edə bilməz, tənbeh edə bilməz, şagird də kefi istəyəni edə bilər. Yəni, tamamilə anarxiyaya gətirən bir sistemdir. 

İkinci bir tərəfdən bu sistemin tələbləri ilə müəllim bütün dərsin yarıdan çoxunu müxtəlif jurnalları doldurmaqla məşğuldur, yəni dərsin yarısı buna gedir. Bəzi siniflərdə 30-40, hətta 50-ə yaxın olan uşaq var ki, bu da birabırçılıqdır, dünya tarixində görünməmiş bir şeydir. Əlbəttə ki, bu şəraitdə heç bir dərsdən, tərbiyədən söhbət gedə bilməz”. 

Ekspertin sözlərinə görə, valideynlərin verdiyi tərbiyə də son dövrlər tamamilə yoxa çıxıb:

“Hansı qüvvələrsə bizim valideynləri aldadıb ki, uşaqlara tərbiyə vermək lazım deyil. Tam sərbəstlik vermək lazımdır, guya onda uşaq azad olur, sərbəst olur. Bu da artıq tərbiyəsiz, qudurğan, ərköyün uşaqlar böyütmə tendensiyasını yaradır. Hesab edirəm ki, bu təbliğatı bəzi mərkəzlər qəsdən aparırlar, bizim kütlə də buna aldanıb uşaqlarını məhv edir. Biz bunu bütün cəmiyyətdə, hər yerdə aydın görürük. 

Bir tərəfdən də uşaqlar nə ilə böyüyür? Aqressiv cizgi filmləri ilə, aqressiv kompüter oyunları ilə, kəskin sujet xətli filmlərlə, internetdə olan psixotron terrorla, televiziyaların psixotron terroru ilə, yəni hər tərəfdən uşaqları biz psixoloji terrora məruz qoymuşuq”. 

Sosioloq əlavə edib ki, qidalar və dərmanlar da uşaqların psixologiyasını korlayır:

“Süni qidalar, GMO qidalar da psixologiyaya birbaşa təsir göstərir. Burada çoxsaylı səbəblər var. Hamısı birlikdə cəmiyyətimizin qeyri-normal bir tərzdə inkişafının nəticəsidir. Yəni, milli-mənəvi dəyərlərə tüpürməyimizin, müasirlik adı altında hər cür eybəcər, lazımsız zərərli məsələləri götürüb tətbiq etməyimizin nəticəsi budur. Bir vaxtlar biz xarici ölkələrdə baş verən bu halları təəccüblə mətbuatda oxuyurduq, yazırdıq. İndi isə bütün bunların özü ölkəmizdə baş verir. Mən dəqiq sürətdə əminəm ki, belə hallar çox yüksək tempdə daha da artacaq, kütləviləşəcək, buna tam əminəm. Çünki biz cəmiyyət olaraq buna aparırıq gələcəyimizi. Bunun üçün onlara hər cür şərait yaradırıq, hər cür imkan veririk, hər cür təbliğ edirik bunu onlara. Yəni, artıq belə hadisələri təəccüblü bir hal kimi görmürım, bu normal haldır. Necə normaldır? Yəni, əməlimizin nəticəsi olaraq normaldır, belə də olmalı idi. Qaldı ki, qarşısını  necə ala bilərik, bu, uzun söhbətdir. Bunların əksini etsək, əlbəttə qarşısını ala bilərik. Biz köhnə sistemə qayıtmalıyıq təhsildə. Tərbiyə sistemində valideynlər özlərinə gəlməlidir”. 

“Uşaqlara evdə tərbiyə verilməlidir, məktəblərdə müəllimlərin sərt nəzarəti olmalıdır. Onların tənbeh funksiyası olmalıdır. Cəmiyyət olaraq qohumluqda, qonşuluqda uşaqların pis hərəkətini görəndə dərhal ciddi tədbir görməliyik. Eyni zamanda, internet və televiziyalarda uşaqlara qarşı yönələn psixotron terrorunun qarşısını almalıyıq. Uşaqların əlinə smartfon telefon verməməliyik. Tərəfdarıyam ki, uşağın məktəbi qurtarana qədər smartfonla əlaqəsi belə olmamalıdır. Yalnız valideynin, müəllimin nəzarəti ilə internetdən istifadə edə bilər. Çünki onlar azad internetdə dəhşətli bir dünyaya daxil olur. İnternet dünyası məlum olduğu kimi, son dərəcə dəhşətli və qorxuncdur. Böyüklərin  psixologiyasını məhv edir, o ki qaldı uşaqlar. Biz bunu etməsək, yaxşı olmayacaq, daha pisini gözləyirəm. Hələ şükür etməliyik ki, belə hallar az olur. Mənim gözləntilərimə görə, daha çox olmalıdır. Yəqin ki, yaxın vaxtlarda bunun sürətli artımının şahidi olacağıq”, - deyə Elçin Bayramlı sonda qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top