“COP29-da “yaşıl maliyyə”, “yaşıl iqtisadiyyat” kimi məsələlər də müzakirə ediləcək” — Gündəlikdə nələr dayanır?

COP29 26 apr 2024, 18:28
“Hər bir COP tədbiri bir sıra vacib qərarların verilməsi ilə yadda qalır. 2015-ci ildə imzalanmış Paris Sazişinə əsasən ölkələr istixana qazlarının emissiyasını könüllü azaltmaq üçün addımlar atır. Azərbaycan da iqlim dəyişikliklərinin mənfi nəticələri ilə mübarizə aparan ölkə kimi bu istiqamətdə səylərini artırır”.  

Bunu Demokrat.az-a açıqlamasında ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf-mühit departamentinin müdiri Rövşən Abbasov deyib. O qeyd edib ki, COP29-un ölkəmizdə keçirilməsi müsbət hadisədir:


 “Tədbir çərçivəsində bir çox məsələlərin müzakirə olunacağı gözlənilir. COP29-da iqlim və maliyyə məsələləri əsas müzakirə mövzusu olacaq. Bununla yanaşı “yaşıl maliyyə”, “yaşıl iqtisadiyyat” kimi məsələlər də müzakirə ediləcək. İstixana qazlarının azaldılmasına yönəlmiş texnologiyaların inkişafı nəzərdən keçiriləcək. Müxtəlif dəstək proqramların yaradılması və inkişaf etdirilməsi də diqqət çəkən məsələlərdəndir.  

Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizə aparan aparıcı ölkələr sırasındadır. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, “yaşıl enerji”yə keçid layihələrinin icra edilməsi, azad olunan ərazilərin potensialından bərpaolunan enerji sahəsində istifadə edilməsi və bunun üçün ölkəyə xarici investorların cəlb olunması Azərbaycanın iqlim problemlərinə həssas yanaşmasını ifadə edir. Azərbaycan bu dəfə də COP29-u yüksək səviyyədə təşkil etməklə və mühüm məsələləri ortaya qoymaqla qlobal problemin həlli istiqamətində səylər göstərməyə davam etdiyini dünyaya bəyan edəcək”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top