Maddi-mədəni irsimizə nə vaxt sahib çıxacağıq?

SOSİAL 23 sen 2022, 16:10

BU GÜN QANUNVERİCİLİKDƏ DƏYİŞKİLİYİN EDİLMƏSİNƏ ƏŞHƏDÜ EHTİYAC VAR

Ölkəmizdə maddi-mədəni irs nümunələrinin qorunması, mühafizəsi və bərpasıyla bağlı xeyli müddətdirki ciddi araşdırma aparıram. Qafqazda ən böyük mədəni irs nümunəsi olan Sultanbud kurqanına edilən təcavuzün qarşısının alınması, ərazidə aparılan tikinti işlərinin dayandırılmasıyla bağlı atılan addımda məhz bu fəaliyyətin bir hissəsi hesab etmək olar.


Bakı və Bakıətrafı ərazilər özündə qədim tariximizi əks etdirən çoxsaylı mədəni-irs nümunələrinin daşıyıcısı olduğundan, ilk növbədə Zirə, Türkan, Buzovna, Bilgəh və Fatmayı kəndlərinin qədim maddi-mədəni irs nümunələriylə tanış olmağı özümə borc bildim. Bu gün Bakı və Bakıətrafı ərazilər  qədim hamamların, məscidlərın, müxtəlif təyinatlı  qalaların zənginliyi ilə hər kəsin diqqətini çəkməkdədir. Hazırda Balaxanı və Ramanı qəsəbələrinin qədim hissələrində dövlət səviyyəsində ciddi təmir-bərpa işləri aparılaraq sakinlərin, həm də turistlərin istifadəsinə verilməsi və bu ərazilərin turizm marşrutlarına əlavə edilməsi həyata keçirilən iri həcmli layihələrin tərkib hissəsi hesab edilməlidir.

Bakı və Bakıətrafı ərazilərdə saysız-hesabsız hamamların olması isə ərazidə kök salmış əhalinin mədəni inkişaf səviyyəsinin göstəricisi hesab edilir. Təsəvvür edin ki, əsrlər öncə  heç bir elektirk qızdırıcısı olmadan hamamın suyunun və binasının qızdırılması, üstəlik çirkab sularının axıdılması mexanizminin quraşdırılması  həmin illərdə ən mütərəqqi nailiyyət, həm də əhalinin yüksək mədəni inkişaf səviyyəsini əyani göstəricisi hesab olunurdu.

Bu gün adıçəkilən istiqamətdə dövlət tərəfindən bir sıra ciddi layihələrin icrası həyata keçirilir və keçirilməkdədir. Bu günlərdə açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi qədim  Basqal qəsəbəsindəki XVII əsrə aid  hamamın çox yüksək səviyyədə bərpa edilməsi, eksponatların sərgilənməsində nano texnologiyalardan istifadə edilməsi bu gün üçün ən mütərrəqi bir addımdır. Bu həmdə ondan xəbər verir ki, maddi-mədəni irsimizə aid nümunələrin bərpası dövlət siyasətinin tərkib hissəsidir.

***

Apardığımız müşahidələr ondan xəbər verir ki, bu sahədə  çoxsaylı problemlər öz həllini gözləyir. Bir müddət əvvəl müvafiq dövlət qurumunun “neqativ”  xidməti sayəsində problemlər daha da artmış və onların həlli daha  çətin duruma düşmüşdür. Məlum olduğu kimi, ölkə başçısının bilavasitə ciddi və sərt müdaxiləsindən sonra mədəniyyət sahəsində kadr dəyişikliyinin aparılması təqdirəlayiq hal hesab edilməlidir. Mədəniyyət nazirliyinə, istərsə də nazirliyin müvafiq dövlət xidmətinə yeni təyinat alan kadrların bu gün əsas vəzifələrindən biri, həm də cəmiyyətdə  qurum barəsində yaranmış neqativi aradan qaldırmaq olduğundan, üzərilərinə düşən məsuliyyət də ikiqat artmış oldu. Müşahidələr göstərir ki, az müddət ərzində qurum rəhbərləri sözügedən neqativi aradan qaldırmağa müəyyən mənada nail ola biliblər.  Ancaq  görüləsi işlərimiz daha çoxdur.

***

İlk növbədə deməliyəm ki, ziyarət etdiyim kənd və qəsəbələrdəki bir sıra qədim abidələrin sakinlərin  həyətyanı sahəsində olması təəssüf doğurur. Sözsüz ki, keçmiş sovet dövründə qədim abidələrimizə elə də ciddi diqqət yetirilməməsi, üstəlik onların elə öz əlimizlə tədricən məhz edilməsinə cəhd edilməsi, etiraf edək ki, həmin illərdə aparılan dövlət siyasətinin tərkib hissəsiydi. Necə ola bilərdi ki, keçmiş sovet dövrünün qılıncının hətta tiyəsinin kəsdiyi bir zamanda xüsusəndə ötən əsrin 50-60-ci illərində  ərazidəki qədim abidələr həyətyanı sahə kimi verilirdi. Və çox təssüff ki, bu həyətlərdə olan abidələrin heç biri həmin sakinlər tərəfindən nə qorunub, nə də ki mühafizə olunub. Bir çox vətəndaşlarımızın da əsas məqsədi həmin abidənin daha sürətlə dağılmasına bir  növ şərait yaratmaq olub ki, onunda əsas məqsədi öz ərazilərini genşləndirmək, özünəməxsus ərazidə daha yaxşı  şərait yaratmaq olub.

Fatmayı kəndində olan qədim karvansara, dəvəxana, Bilgəh kəndindəki seyid Ağa hamamı və digər maddi-mədən irs nümunələri, o cümlədən məşhur “Tonqal” qalası, Buzovna kəndində olan  hamamlar, Zirə qəsəbəsindəki Qələndəriyyə ziyarətgahı bu gün qara günlərini yaşayır. Üstəlik Buzovna qəsəbəsindəki  “Qapapaltarlı qadın” pirini ziyarət etmək isə müşkül məsələdir.  Çünki  ev sahibi qapını bağlamaqla heç kəsi içəri buraxmır.

Beləliklə, onlarca hamamın bugün baxımsız vəziyyətdə qalması da narahatlıq yaradan məsələlərdəndir. Zirə qəsəbəsindəki “El hamamı”nın “Heydər Əliyev Fondu” tərəfindən yüksək səviyyədə bərpa edilməsi, eləcə də burada kəndin tarixinə həsr olunan onlarca eksponatın sərgilənməsi təqdirəlayiqdir. Ancaq hamamda ventilyasiya sisteminin qurulmaması sərgilənən eksponatların sıradan çıxmaq təhlükəsiylə üz-üzə qalması da qəbul edilən deyil. İndidən həm hamamın, həm də eksponatların “dərdinə əlac tapılmalı” və onların gələcək nəslə olduğu kimi çatdırılması üçün tədbirlər görülməlidir.

***

Bilgəh, Buzovna, Fatmayı kəndlərindəki yaşı yüzdən artıq olan  hamamların vəziyyəti isə Mədəniyyət nazirliyinin diqqətində olmalıdır.  Ən təəssüf doğuran fakt odur ki,  maddi-mədəni irs nümunələrinə qarşı bu etinasızlıq yerli icra hakimiyyətlərindən də yan keçməyib.  Nədənsə, rayon icra hakmiyyəti başçıları  bu istiqamətdə üzərilərinə düşən işin mahiyyəti haqqında məlumatsızdırlar. Halbuki  rayonun  siyasi rəhbərinin əsas vəzifələrindən biri də məhz bu abidələrin mühafizəsini təşkil edilməsi olmalıdır. Yəni  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 3.12.7. maddəsində qeyd edilir: - rayonun icra başçısı həmçinin “tarix, mədəniyyət, təbiət abidələrinin və mədəni irs obyektlərinin qorunması işini təşkil edir.”

Bu istiqamətdə vətəndaş mövqeyinin zəif olması, vətəndaş cəmiyyəti təmsilçilərinin təkliflərlə çıxış etməmələri də diqqətdən  qaçmamalıdır.

Nəzərə alaq ki, tikilişinə görə paytaxt  hamamları Şərq memarlığının inciləri hesab edilir. Hamamlarda ayrıca yuyunma otaqlarının olması,  yuyunma otaqlarının döşəməsinin altında quraşdırılmış xüsusi kanallar vasitəsilə isti suyun dövrüyyəsi vasitəsiylə və ya tüstü ilə  isidilməsi memarlıq abidəsinin  həm də mənəvi çəkisini bir xeyli artırırdı. Etiraf edək ki, milli memarlıq ənənələri hamam tikililərində özünü daha qabarıq göstərmişdir. Qeyd edək ki, Bakı hamamlarında suyu isitmək üçün hovuzun altında və yan tərəfində tağ tavan örtüklü "külxan" adlanan xüsusi qurğu quraşdırılardı. Fatmayi, Bilgəh və Buzovna kəndlərindəki hamamlarda bu sistemin izləri bu gündə  qalmaqdadır.

***

Bəs niyə maddi-mədəni irsimizə edilən təcavuzun qarşısını vaxtında ala bilmirik? Üstəlik mövcud olanları ciddi cəhdlə qoruyub gələcək nəslə çatdırmaq, bərpa edib hansısa xidmət sahəsi və  təsərrüfat hesablı müəssisə yaratmaq əvəzinə, həm də irs nümunəsinin saxlanılması xərcini əldə etmirik.     

Sözsüz ki, ilk növbədə istər sakinlərin, istərsə də RİH təmsçilçilərinin, xüsusəndə icra başçılarının  bu sahəyə diqqətinin artırılması üçün daha ciddi addımların atılmasına ehtiyac var. Ancaq ən əsası qanunvericilik baxımından  ciddi sanksiyaların, cərimələrin tətbiqi həyata keçirilməlidir. Təsəvvür edin ki, istənilən maddi-mədəni irs nümunəsinə dəymiş ziyanın səbəbkarını maksimum yuz manatlıq cərimə gözləyir. Necə ola bilər ki, bir ağacın kəsilməsylə bağlı Ekologiya və Təbii sərvərlər nazirliyi qanunamüfaviq olaraq minimum 1000 manatlıq cərimə yazır, amma qədim maddi-mədəni irsimizə qarşı cinayət əməli törədən şəxsə və ya məmura və icra başçısına   cəmi 100 manatlıq cərimə kəsilir. Bu əslində bir boşluqdur ki, müəyyən mənada  mədəni irsimizə qarşı neqativə köklənmiş insanlar da bundan istifadə edir və “sevincək” 100 manatını verib cinayətini törədir və rahatlıqla ört-basdır edir. Belə olan halda problemin həllində  Mədəniyyət nazirliyi və onun müvafiq dövlət xidməti da aciz qalır və hüquqi baxımından hər hansı addım ata bilmir. Vəziyyətdən çıxış yolu kimi ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsinə əşhədü ehtiyac var. Yəni cərimə məbləğlərinin həcmini artırmaqla onu ən yüksək həddə tətbiq etmək lazımdır ki, cinayət törədilməsinə səy belə göstərilməsin.  
 
Bununla yanaşı bütün maddi mədəni irs nümunələrinin müayinə edilərək, bərpası mümkün olanının siyahısı tutulmalıdır. Yəni maddi-mədəni irs nümunəsi bərpa edilərək boş saxlanılmamalıdır.

Etiraf edək ki, bu gün İçərişəhərdəki qədim Karvansara xidmət müəssisəsi kimi fəaliyyət göstərməsəydi qədim abidəmiz bu səviyyədə, sözsüz ki, qalmayacaqdı. Bu təcrübə bütün dünya ölkələrində tətbiq edilir. Bununla həm mədəni irs numunələri qorunur, mühafizə olunur, həm də büdcəyə əlavə maliyyə vəsaiti daxil olur. Qeyd edim ki, ziyarət etdiyim qədim abidələrin bir çoxunu həqiqətən bərpa edib yaşatmaq olar. Sadəcə bu proses konkret proqram əsasında həyata keçirlməli, neqativə yol verilməməli və əsas məqsədimiz  qədim və zəngin irsimizi gələcək nəsllərə  olduğu çatdırmaq olmalıdır.

Bu işdə Mədəniyyət nazirliyinin üzərinə çox böyük məsuliyyət yükü düşdüyündən hər kəs bu prosesə öz dəstəyini göstərməli, nazirlik isə bu dəstəyin vaxtında verilməsinə şərait yaratmaqdan çəkinməməlidir.   

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctmai birliynin sədri

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top