"Nensi Pelosinin Ermənistana səfəri regionda yeni müharibəyə yol açır"

GÜNDƏM 19 sen 2022, 19:35
"Amerika Birləşmiş Ştatları Konqresinin spikeri Nensi Pelosinin Ermənistana səfəri əslində iki məqsəd güdür. Birincisi onunla bağlıdır ki, noyabr ayında Amerika Birləşmiş Ştatları Konqresində aralıq seçkilər olacaq, Nensi Pelosi isə ermənipərəst dairələrin konqresə gətirdikləri deputatdır və onu spiker vəzifəsinə qədər yüksəldiblər. O, ermənipərəst mövqelidir və onların maliyyə dəstəyi və havadarlığı ilə bu postlara yiyələnmiş şəxsdir. 84 yaşlı bu xanım növbəti dəfə parlamentə düşmək istəyir və arzularından biri odur ki, imkan daxilində, ahıl yaşının olmasına baxmayaraq, bu postu saxlasın. Halbuki mənsub olduğu partiyanın özündə də onun növbəti dəfə seçilməsinə qarşı etirazlar var.

İkincisi isə budur ki, Nensi Pelosi son dövrlər Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsindən istifadə etmək, Ermənitanda da Rusiyanın zəifləməkdə olan mövqelərini ABŞ-ın hesabına möhkəmləndirmək istəyir. Yəni əsas strateji hədəflərindən biri də budur.

Bizim üçün maraqlı olan odur ki, Amerika Birləşmiş Ştatlarının ierarxiyasında üçüncü vəzifəni tutan şəxs regionda sülh və təhlükəsizlik məsələləri ilə bağlı hansı mövqedə dayanacaq. Əslində onun anti-Azərbaycan mövqeyində dayanacağı və ermənipərəst mövqe ifadə edəcəyi gözlənilən idi.

N.Pelosi söyləyir ki, son sərhəd münaqişəsi Azərbaycan tərəfinin təhriki ilə baş verib və məsuliyyət Azərbaycanın üzərinə düşür. Yəni burada qətiyyən Ermənistana qarşı heç bir fikir yoxdur. Bununla yanaşı o deyir ki, Ermənistan kiçik dövlətdir və buna baxmayaraq, 4 tərəfdən sıxılmaqdadır. Pelosi belə bir mövqe ortaya qoyur".

Bu fikirləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, ABŞ Parlamentinin spikerinin bu davranışı regionda yeni müharibəyə yol açır:

"Biz təəssüflə qeyd edirik ki, ABŞ Parlamentinin spikerinin bu davranışı və bəyanatları nəinki regionda sülhə və təhlükəsizliyə hesablanmır, hətta regionda yeni müharibənin alovlanması üçün şərait yaradır, Ermənistan revanşistlərinə əlavə stimul verir. Bütün bunlar nəticə etibarilə Cənubi Qafqaz regionu üçün yeni təhdidlər yaratmış olur.

Bu hadisələr fonunda artıq ayrı-ayrı ölkələrdə də Azərbaycanın səfirliklərinə hücumlar baş verir. Fövqəl-dövlətin spikeri anti-Azərbaycan mövqeyi bildirir və ayrı-ayrı Avropa ölkələrindəki radikal erməni qruplaşmalar da bundan stimul alır. Fransadakı səfirliyimizdə olan son hadisələrə də bu konteksdə qiymət vermək lazımdır. Analoji addımı Gürcüstanda da atmaq istədilər. Erməni radikal qruplaşmaları Gürcüstandakı Azərbaycan səfirliyinə də hücum təşkil etməyə səy göstərdi. Amma gürcü polisi və xüsusi xidmət orqanları öz missiyalarını layiqincə yerinə yetirdilər və onların bu cəhdi baş tutmadı.
Təəssüf ki, eyni sözü nə ABŞ, nə Böyük Britaniyada, nə də ki Fransadakı hüquq-mühafizə orqanları barədə söyləmək olmur. Onlar prosesləri tamamilə müşahidəçi statusunda izlədilər və bu da qəbuledilməzdir. Nensi Pelosi hara səfər edibsə, ora bir gərginlik ocağına çevrilib. Tayvana səfər etdi, az qala ABŞ-Çin müharibəsi baş verdi. İndi isə Ermənistana səfər edib və bu da kövrək atəşkəsin pozulması üçün imkanlar yaradır və stimul verir. Ona görə, hesab edirəm ki, əgər Nensi Pelosinin qayıdışından sonra regionda gərginlik artmış olsa, atəşkəs yenidən pozulsa, bütün məsuliyyət Nensi Pelosinin və təmsil etdiyi parlamentin üzərinə düşəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top