“Paşinyan bu təxribatdan yaxasını cırmağa çalışır, amma... ”— TƏHLİL

GÜNDƏM 13 sen 2022, 19:31
“Erməni təxribatları müharibə bitəndən indiyə qədər davam edir. Hər zaman diversion qruplar Azərbaycan ərazilərinə sızmağa çalışıblar. Bəzi məqsədlər üçün müəyyən təxribatlar törədirdilər və Azərbaycan da buna zamanında adekvat cavablar verib. Amma, bu dəfə Azərbaycanın bir neçə yaşayış məntəqəsi atəşə tutulduğuna görə, Azərbaycan sərt tədbirlərə əl atdı və Ermənistan ərazisindəki bəzi hərbi nöqtələri susdurmağa məcbur oldu”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı deyib. Politoloq bildirib ki, Azərbaycan heç bir mülki obyekti vurmayıb:

“Ermənilər hay-küy qaldırıblar ki, guya ki, Azərbaycan mülki əhalinin yaşadığı yerlərə atəş açıb. Bir-iki uçuq bina göstərib, bunu belə yaymağa çalışırlar. Bu, qətiyyən belə deyil. Qeyd edim ki, bu gün Ermənistan Parlamentində Nikol Paşinyanın iştirakı ilə toplantı keçirildi. Ermənistanın Təhlükəsizlik Şurası da toplantısını etdi, ayrı-ayrı beynəlxalq qurumlara müraciətlər olundu ki, guya Azərbaycan Ermənistanın suveren ərazilərini müdaxilə edib. Bildirir ki, Azərbaycan heç bir müdaxilə etməyib! Atəş nöqtələrini vurub, hansı ki, Azərbaycana atəş açırlar və onları susdurub. Bu da Azərbaycanın suveren ərazisinə edilən təxribatların cavabı kimi qəbul olunmalıdır”. 



“Paşinyan və onun hakimiyyəti bir çox qurumlara müraciət etdi. KTMT-yə, BMT-nin Təhlükəsizlik Şurasına və digər qurumlara müraciət etdi, ayrı-ayrı ölkə başçıları ilə telefonla danışıb. Yaxasını cırmağa çalışır ki, guya Azərbaycan Ermənistan ərazisinə hərbi müdaxilə edir. Azərbaycanın elə məqsədi yoxdur, Azərbaycan sadəcə olaraq Ermənistanı sülh danışıqları prosesinə gəlməsi üçün müəyyən addımlar atır. Bu da açıqdır. Ermənistan həmişə bu prosesi gecikdirməklə məşğuldur. Zəngəzur dəhlizinin açılması öhdəliyi üzərində olsa da, bunu etmir. Erməni silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılması məsələsi də hələ tam həllini tapmayıb . Buna görə sülh prosesinə gedən yolda Ermənistan təxribatlarıının cavabı olaraq belə bir addımın atılması mümkündür. Ermənistanda deyirlər ki, 200-ə yaxın hərbiçi öldürülüb, amma bu rəqəm şişirdilmiş ola bilər. Bizim də bu yolda şəhid olan əsgərlərimiz var. Allahdan onlara rəhmət diləyirəm. Qələbə bizim olacaq! Biz Azərbaycanın maraqlarını və Azərbaycan dövlətinin təhlükəsiz yaşaması üçün, xalqımızın rifah halının, Qarabağ bölgəsində yerləşdirilməsi üçün bütün tədbirləri görməliyik”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top