"12-ci İmam Mehdi"nin vəkilinə hücum edildi — MƏHKƏMƏ

GÜNDƏM 13 sen 2022, 18:07
Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Samir Cəfərov ifadə verib. O, Aqil Babayevin ona 149 min manatını ələ keçirdiyini deyib. Onun sözlərinə görə, Aqil Babayevlə 2012-ci ildə qardaşınln vasitəsilə tanış olub: "Özüm ibadətlə məşğul olduğum üçün Aqil Babayevin təşkil etdiyi dini məcliələrdə iştirak etmişəm. Aqil Babayev həmişə "12-ci imam" olması barədə işarələr verirdi. Bir gün də  çağırdı. Məndən onun "12-ci imam" olmasını qəbul edib-etmədiyimi soruşdu. Ona dedim ki, sizi "12-ci imam" kimi qəbul edirəm". 

Zərərçəkmiş şəxsin sözlərinə görə, hündürmərtəbəli binaların tikintisi ilə məşğul olub: "2014-cü ildə 6 mərhələli bina evi tikməyə başlamışdım. Aqil Babayev həmin vaxt gələrək tikilən evin 2-ci və 3-cü mərtəbələrini ona satmağımı istədi. Aqil Babayev 8 evə görə 448 min manat verməli idi. Amma 210 min manatını verdi və məbləğin digər hissəsi qaldı. Mənzili başqa bir nəfərlə şərik tikirmişdik. Ona görə qalan pulun yarısıx 149 min manatı mənə çatmalı idi. Hələ də pulu ala bilməmişəm". 

Samir Cəfərov qeyd edib ki, 2016-cı ildən Aqil Babayev zəkat və fitrə toplamaq işini ona həvalə edib: "Həmin ildən Aqil Babayevin cinayət əməli üzə çıxana qədər ümumilikdə 2 milyon manat zəkat pulu topladlq. Ayda minimum 10 min zəkat yığılırdı. Elə ay olurdu ki, zəkat pulunun yığılması 15-20 minə çatırdı. Pulları yığaraq Aqil Babayevə təhvil verirdim". 

Zərərçəkmiş deyib ki, Aqil Babayevin göstərişi ilə qurbanlar kəsilib: "Həmin vaxt fitrə pulu da  yığılırdı. Bundan başqa, Aqil Babayevin ad günündə 100 min manatliq hədiyyələr alınırdı, musiqiçilərə 10 min manat verirdik. Ötən prosesdə Aqil Babayev elə pullardan danışırdı ki, elə bil Abramoviçdi, ya Qod Nisanovdur".

Məhkəmə iclasından sonra zalda olan zərərçəkmiş şəxslər Aqil Babayevi  və onun vəkili Ceyhun Yusifovu təhqir ediblər. Məhkəmə heyəti və təqsirləndirilən şəxs zaldan çıxdıqdan sonra zərərçəkmişlər vəkil Ceyhun Yusifova hücum çəkiblər. Məhkəmə nəzarətçiləri insidentin qarışını alıb .

Növbəti proses sentyabrın 27-də davam edəcək.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.  

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb. 

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib. 
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top