"Korrupsion sxemlər quruldu və insanlar əlibaxımlılığa öyrəndi" — Deputat

GÜNDƏM 30 avq 2022, 10:17
Texnologiya inkişaf etdikcə, insanlar da getdikcə tənbəlləşir. Tənbəllik qolumuzdan tutub, bizə imkan verməyən bir gücdür. Təbii ki, bütün günahı da texnologiyanın üstünə yıxmaq düzgün deyil. Əslində tənbəlliyin bir çox səbəbi var, bunlardan biri isə insanın rahatlığını düşünməsi, bütün gün “yatması” deyil, sadəcə olaraq istəksiz olması ola bilər. İnsanlar bəzən təklif olunan işləri bəyənmirlər və həmin işi özlərinə yaraşdırmırlar. Onlar heç bir əziyyət çəkmədən hər şeyə hazır sahib olmaq istəyirlər.

Məsələ ilə bağlı fikirlərini Demokrat.az-la bölüşən Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, ümumiyyətlə son vaxtlar insanlar çox tənbəlləşiblər və bunun da bir sıra səbəbləri var.

Deputat indiki dövrdə gənclərin iş bəyənmədiyini söyləyib:

“Ümumiyyətlə, bəhanələr həmişə olub, olacaq da. İşləmək istəyən harada olsa iş tapacaq. Bir yerdə alınmasa, başqa yerdə iş tapacaq. Sadəcə, bəzi insanlarda tənbəlləşmə var. Qeyd edim ki, namusla, qeyrətlə işləmək, o cümlədən qanunu pozmadan işləmək heç də eyib deyil. Fərqi yoxdur ki, bənnadır, bərbərdir, fəhlədir, sürücüdür. Yəni, minlərlə elə işlər var ki, insanlar o işləri görüb ailəsini də dolandıra bilər və normal həyatını da qura bilər. Sadəcə insan o işin, sənətin sənətkarı olmalıdır”.

Deputat qeyd edib ki, bu prosesə tək Azərbaycanda deyil, hətta postsovet məkanında və inkişaf etmiş ölkələrdə də rast gəlinir:

“ABŞ, Avropa, Asiyanın bir neçə ölkəsində bu prosesə rast gəlmək mümkündür. İsveçrə, Finlandiya, Macarıstanda da bu proses müşahidə olunur. Bunun kökü haradandır? İlk öncə həmin ölkələr sosial-siyasətini quranda çalışıb ki, bütövlükdə hamılıqla kömək etsinlər. Biz də o mərhələni keçmişik və keçirik. Burada söhbət sosial müavinətdə, yardımdan gedir. Ölkəmizdə neft və qaz, həmçinin cürbəcür başqa təbii resurslar var. Hakimiyyət də çalışır ki, insanlara bu formada kömək etsin. Əslində, biz bunun acısını yaşadıq. O mənada ki, milyondan yuxarı insan sosial müavinət aldı. Bəlkə də, bunların təxminən 30-35 faizi qanunsuz formada aldı.

Təbii ki, burada məmurların da günahı var idi. Korrupsion sxemlər quruldu və insanlar əlibaxımlılığa öyrəndi. Nə qədər acı həqiqət də olsa, amma həqiqətdir. Ona görə də, bir insan ki, məcazi mənada deyirəm 3 il, 5 il, 10 il ona düşməyən sosial müavinəti alıb, həmin insanlar işləmək istəmir. Təbii ki, müəyyən ciddi səbəbdən işləyə bilməyən şəxslər isə halallıqla onları almalıdırlar”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top