Hafiz Hacıyev: " Elmi adları olanların çoxunun elmdən xəbəri yoxdur"

SİYASƏT 26 avq 2022, 20:46
“Bu şəxslərin abır-isməti olmalıdır ki, vəzifələrindən sui-istifadə edib universitetlərdə adlarını müəllim kimi yazdırmasınlar. Guya, universitetlərdə kafedra müdiri və ya başqa elm sahəsində fəaliyyət göstərirlər. Qətiyyən elə deyil. Onlar sadəcə olaraq pullarından, vəzifələrindən sui-istifadə edərək ali təhsil ocaqlarında adlarının getməsi üçün saxtakarlıq edirlər. Ona görə də tələbələrimizin hamısı şikəst olublar”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Yenisabah.az-a Hafiz Hacıyev Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin əmri ilə Baş nazirin köməkçisi Əli Əhmədov, ombudsman Səbinə Əliyeva, keçmiş təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı, təhlükəsizlik və korrupsiya ilə bağlı komitəsinin sədri Ziyafət Əsgərov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Vasif Talıbovun oğlu Rza Talıbovun universitetlə əmək müqavilələrinə xitam verilməsi barədə qərarına münasibət bildirərkən deyib:

“Rektorun belə qərar verməsi onluq deyil. Yəni, ona lap yuxarı instansiyalarda tapşırıq veriblər. Bu addımı dəstəkləyirəm. O şəxslər tələbələrlə təmasda olmurlar, auditoriyalara daxil olmurlar, bunun əvəzinə, gənc, savadlı, qabiliyyətli, o cümlədən yaşlı da olsa, təcrübəli professor, akademiklərimizin tələbələrimizə dərs deməsi daha sərfəli olardı. Gərək, insanların özünün də abırı-həyası olsun. Hər şeyi yuxarı instansiyaların öhdəsinə buraxıb onların əmrini gözləmək lazım deyil. Bu şəxslərin bir qismi başaqaxınc, bir qismi də gözdən düşmüş adamalardır. Onların pulları ola bilər, amma nüfuzları yoxdur. Vəzifələrinə görə kimlərsə bunlara baş əyə bilər. Amma bu şəxslərin təhsil ocaqlarında yalandan adlarının getməsi qəbuledilməz haldır”.

Hafiz Hacıyev bildirib ki, hal-hazırda elmi adları olan çox adamın elmdən xəbəri yoxdur:

"Mən adlarını yaza bilməyib vəzifədə olan elm adamları tanıyıram. Mən elmlər namizədi adını sovetlər dönəmində Sankt-Peterburqda müdafiə eləmişəm. Elmi rəhbərim də rus milliyətindən olub. Sonra Azərbaycana qayıdanda məmurların vəzifələrindən istifadə etdiyini gördüm. Mən də elm ardınca getməyi dayandırdım”.

Siyasətçi məmurların adlarının elmlə hallanmağına üstünlük vermələri ehtimallarına da toxunub:

“Bunlar gələcəkdə vəzifədən qovulandan sonra lağlağı, əyləncə kimi universitetlərdə dərs demək üçün elmi adlar almaqda maraqlıdırlar. Qısası, bu işə əyləncə kimi baxırlar. Əslində isə təhsil müəssisələri bacarığı, qabiliyyəti, elmi olan insanlar üçündür  Çox vaxt da titul üçün belə addım atırlar. Başqa sözlə, öləndən sonra arxasınca alim, akademik, professor deyilməsi üçün bunu edirlər. Azərbaycanda son 10 ildə alınan elmi adlar saxtadır.

Azərbaycan təhsili ölüb. Təhsilin başında bu sahədən məlumatlı şəxs durmalıdır. Heç olmasa orta məktəbdə dərs deyən, müəllimlik işini dərindən bilən biri nazir olmalıdır. Hər başı keçəl olan adamı vəzifəyə qoymaq düzgün deyil. Elm və Təhsil nazirinin və ya başqasının başı keçəldirsə, bu, o demək deyil ki, böyük biliyə malikdir. Bu cür insanlardan qutarmaq lazımdır. Bunların isməti olmalı, özünə sual etməlidir ki, o, bu işi bacarırmı? Kiməsə vəzifələr təklif edilər. Tanışın, dostluq əlaqələrinin hesabına vəzifəyə gətiriləndə özünün qabiliyyətini nəzərə almalıdır. Bu baxımdan Azərbaycanda bütün məsələlər tərsinədir”.

Hafiz Hacıyev ölkədə hər sahənin rüşvətə batdığını da bildirib:

"Elm və Təhsil naziri deyir ki, müəllimlərdən pul yığmaq üçün fond yaradırıq. Belə biabırçılıq olar?! 60 yaşında oturuşmuş, biliyini tələbəyə ixrac edəcək müəllimləri kənarda qoyub orta məktəbi kafi qiymətlərlə bitirən cavanlara dərs dedizdirirlər. 

Vurğuladığımız problemlərə də əhəmiyyət verilmədiyinə görə bunlar da özlərini hamıdan ağıllı hesab edir. Hamısı da əskikdir. Hər şey Cənab Prezidentin çiynindədir. Bu gün məndən səhiyyə, mədəniyyət nazirinin kim olduğunu soruşsanız, cavab verə bilməyəcəm. Əvvəllər şəxsləri məsuliyyətli işinə görə tanıyardılar. Bu gün bunları lazımsız bir alətə çeviriblər. Onların işi-gücü rüşvət yığmaq, şərləmək, böhtan atdırmaqdır. Hamısının da mal-mülkü xaricdədir. Bunları Allaha tapşırırıq ki, xalqdan talayıb xaricə aparmasınlar”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sen 2022, 09:44
Top