İranlı “diplomat”ın Azərbaycanla bağlı imperializm sayıqlaması, Əbülfəzldən ZÖHRƏvəndə…

GÜNDƏM 26 avqust 2022, 14:26
Vaxtilə İranın Əfqanıstan və İtaliyada səfiri olmuş Əbülfəzl Zöhrəvənd Azərbaycan və Türkiyə haqqında sərsəm bəyanatlar verib. Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Bu, kin-küdurət qusan iranlı diplomatların Azərbaycan və onun ərazi bütövlüyü, suverenliyi əleyhinə fikirlərinin növbəti kampaniyasıdır. Məqsədyönlü xarakter daşıyan həmin bəyanatlar Azərbaycana qarşı hibrid müharibənin tərkib hissəsi kimi qəbul olunmalıdır.  

Zöhrəvənd “türklər Zəngəzuru da almaq istəyir, bizim Ermənistanla bir neçə kilometrlik sərhədimizi də kəsmək istəyirlər”  deyib. Hələ bu azmış kimi Naxçıvan və Qarabağ məsələsinin İranın əleyhinə bitdiyi qənaətindədir. Bir az da irəli gedərək, “Naxçıvan tamamilə İrana birləşdirilməlidir, Naxçıvan bizimdir” kimi sərsəm açıqlamalar verib. Sərsəmliklə yetinməyib, ağzını əməlli-başlı avara qoyaraq bunları deyib:

“Azərbaycan deyə bir yer yoxdur. Bunlar doğrudan da İran azəriləridir. Əks halda, onlar bu ərazini tərk etməlidirlər. Azərbaycan yenidən İrana birləşdirilməlidir. İlhaq edilmədikcə İranı xərçəng hüceyrəsi kimi narahat edəcək”.

Belə görünür ki, 21-ci əsrdə imperializm xülyası ilə yaşayan, orta əsrlərin çirkabından qurtula bilməyən “diplomat” İranın müəyyən siyasi dairələri tərəfindən ortalığa atılmış bir məxluqdur. Çünki onun ard-arda düzüb-qoşduqları bölgədə sülhə təhlükədir, həmçinin qarşıdurmaya, gərginliyə rəvac verən açıqlamalardır. Biz iranlı diplomatların, bu ölkənin ayrı-ayrı siyasət adamlarının dilindən oxşar fikirləri çox eşitmişik. Dildə "dost" deyib, arxadan namərdcəsinə xəncər sancdığını da ruhumuzda daim hiss etmişik.
 
O, ermənilərin tarix boyu İranın müttəfiqləri olduğunu da gizlətməyib. Bəlkə də, özünə "diplomat" deyən bu molla rejiminin yetişdirdiyi Zöhrəvəndin yeganə doğru fikri də budur. 

Ermənistan 30 il ərazində Azərbaycanın məhz İranla 130 km-lik sərhədini işğal altında saxlayıb. Həmin müddətdə Azərbaycan əraziləri istismar olunub, talanıb, məscidlər dağıdılıb, bir sözlə, əzəli Azərbaycan torpaqlarında vandallıq, terror aktı, misli görünməmiş cinayətlər həyata keçirilib. İran Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına səsini belə çıxarmayıb. Müsəlman və qonşu dövlət kimi Ermənistanın müharibə cinayətlərinə, insanlığa sığmayan rəftarına etiraz səsini qaldırmayıb. İran “viran siyasəti” ilə işğal olunmuş ərazilərimizdə daşların, dəmirlərin iranlı işbazlar tərəfindən daşınıb aparılması da gün kimi həqiqətdir. Cənub qonşumuz nəinki buna göz yumub, hətta Ermənistana öz dəstəyini verməkdən belə çəkinməyib. 1990-cı illərin əvvəllərində İranın Ermənistana açıq dəstək verməsi yaxın tarixdə baş verənlərdir. Sirr deyil ki, 30 illik işğal dövründə İran müsəlman ölkəsi olaraq Ermənistanla açıq və gizli iqtisadi əlaqələrə malik ölkə kimi ilk pillədə dayanıb.   

Biz işğalçı Ermənistana dəstəyi 44 günlük Vətən müharibəsində də gördük. İran əsl simasını ortaya qoymaqla öz ərazisindən Ermənistana silah, yanacaq daşınmasına imkan yaratdı. Ortada bununla bağlı onlarla videomateriallar, fotofaktlar var.  

Gələcəkdə türklərlə problemlərinin olacağı qənaətinə gələn Zöhrəvəndin məlum açıqlamada toxunduğu bir məqama da barmaqarası baxılmamalıdır:
 
“Türkiyə ilə Azərbaycan arasında birbaşa yol, hətta yeraltı tunel çəkilsə belə, bizim problemimiz olacaq. Çünki İranın Türkiyəyə qarşı istifadə edə biləcəyi yeganə element tranzit yoludur. Türklər doğrudan da yolları bağlayırlar. İndi də Türkiyə-İran sərhədində divar çəkirlər. Uzun müddətdə türklərlə problemimiz olacaq”.

Zöhrəvənd sərsəm açıqlamaları ilə həmişə ürək bulandırıb və rejimin “haqqı”nı verməyə çalışıb. Təqribən 15 il öncə hələ o vaxt İranın İtaliyada səfiri işləyərkən, yenə söylədiklərinin üstündən basmış, nəticədə ətrafı üfunət qoxusu bürümüşdü. Zöhrəvənd, BMT-nin Romada düzənlənən sammitinə qatılan İran prezidenti Mahmud Əhmədinejadın qaldığı iqamətgahda rentgen şüalarının normadan qat-qat artıq olduğunu dilə gətirmişdi. Öz aləmində şüalarla dövlət başçısını öldürməyə cəhdin olduğunu ortaya çıxarmışdı. O zaman İtaliya hökuməti İran səfirinin sərsəm açıqlamasına məhəl belə qoymamışdı. Əlbəttə, bu, peşəkar diplomatdan daha çox, bir axundun, mollanın moizəsinə oxşaya bilərdi. Necə ki, biz həmin moizəni indi də eşidirik...  

Zaur Zahidoğlu
Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top