“Çelsi” xal itirdi, “Mançester Siti” rəqibini darmadağın etdi

İDMAN 04 yanvar 2025, 23:34
İngiltərə Premyer Liqasının 20-ci turunda "Kristal Pelas" "Çelsi" ilə oyunda məğlubiyyətdən xilas olub, "Mançester Siti" isə "Vest Hem"i darmadağın edib.
 
"Kristal Pelas" - "Çelsi" London derbisi "Selhörst Park"da, "Mançester Siti" - "Vest Hem" qarşılaşması isə "Siti of Mançester Stedium"da baş tutub.
 
Derbidə hesabı açan "zadagənlar" olub: 14-cü dəqiqədə Kol Palmer Ceydon Sançonun ötürməsindən maksimum yararlanıb. Bununla belə, təziqi artıran "qartallar" oyunun 82-ci dəqiqəsində istəklərinə nail olublar. Belə ki, Jan-Filipp Mateta Ebereçi Ezenin ötürməsini məntiqi sonluğa çatdırıb və oyunda yekun hesabı müəyyənləşdirib - 1:1.
 
Paralel keçən digər qarşılaşmada "Mançester Siti" Londonun "Vest Hem"inə dörd qol vurub. 10-cu dəqiqədə "çəkicdöyənlər"in çexiyalı müdafiəçisi Vladimir Soufal topu öz qapısına vurub. Matçın 42 və 55-ci dəqiqələrində fərqlənən Elinq Holann "şəhərlilər"in üstünlüyünü darmadağın həddinə çatdırıb. Cəmi üç dəqiqə sonra Fil Foden komandasının dördüncü qoluna imza atıb. Londonluların gücü isə bir qola çatıb: 71-ci dəqiqədə Niklas Füllkruq qapıçı Stefan Orteqanı məyus edib.
 
Eyni zamanda baş tutmuş digər qarşılaşmalarda "Aston Villa" "Lester"i (2:1), "Bornmut" "Everton"u (1:0), "Brentford" isə "Sauthempton"u (0:5) yenib. Öncəki oyunda isə "Nyukasl" səfərdə "Tottenhem"dən üstün olub - 1:2.
 
Günə "Brayton" - "Arsenal" matçı ilə yekun vurulacaq. Turun mərkəzi qarşılaşması isə Mersisaydda keçiriləcək. Çempionatın lideri "Liverpul" əzəli rəqibi "Mançester Yunayted"i qəbul edəcək. (report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 22:45
Top