Azərbaycan təyyarəsinin vurulduğunu sübut edən yeni FOTOLAR

GÜNDƏM 04 yanvar 2025, 18:21

2024-cü ilin dekabrında Aktau yaxınlığında qəza enişi edən "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin yeni fotoları yayılıb.

Musavat.com-un məlumatına görə, fotolar "AnewZ" telekanalının vebsaytında təqdim edilib.

Təyyarənin gövdəsinin daxilindən çəkilmiş fotoşəkillərdə kənar müdaxilə ilə uyğun gələn xəsarət əlamətləri aydın görünür.

O cümlədən qəlpə izləri aydın görünür ki, bu da quşların turbinə girməsi və ya təyyarənin yanacaq çəninin partlaması kimi ilkin versiyaları şübhə altına salır.

Telekanal qeyd edir ki, Azərbaycan hökumətindəki mənbələrin məlumatına görə, ilkin araşdırmalar təyyarənin Qroznıya yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemindən atılan raketlə vurulduğunu göstərir.

Daha əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev raket zərbəsinin olduğunu təsdiqləsə də, raketin növü məlum deyil.

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində bildirib ki, təyyarə Rusiya ərazisi üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən bilmədən vurulub. O, Rusiya tərəfindən təqsiri tam etiraf etməyi, günahkarların cəzalandırılmasını, həlak olanlara və onların ailələrinə təzminat ödənilməsini tələb edib.

38 nəfərin öldüyü insident ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 19:27
Top