“Konstitusiya və Suverenlik İli”ndə hansı dəyişikliklər olacaq?

GÜNDƏM 04 yanvar 2025, 17:51
2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli”dir. Prezident İlham Əliyevin bu barədə imzaladığı Sərəncam Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümünə təsadüf edir. Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunub və noyabrın 27-də qüvvəyə minib. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması üçün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunub ki, Azərbaycan respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlətdir. Konstitusiya özündə insan, onun hüquq və azadlıqları, suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyinin Azərbaycan xalqı olması, vətəndaşların layiqli həyat və sərbəst inkişafını təmin edən şəraitin yaranması, dövlət, xüsusi və bələdiyyə mülkiyyət formalarının eyni qaydada tanınması və müdafiə olunması, dövlət hakimiyyətinin qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilməsi kimi bəşəri dəyərləri ehtiva edir. Ölkənin ana qanununda yerli özünüidarəetmə demokratik hüquqi dövlətin əsas elementlərindən biri kimi tanınır və ona təminat verilir, ideoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınır, heç bir ideologiyanın dövlət və ya məcburi xarakterli ola bilmədiyi qeyd olunur. Sənəddə göstərilir ki, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun qanunvericilik sisteminin tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır. Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyan ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. 



Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Demokrat.az-a açıqlamasında deyib ki, Konstitusiyanın qəbul edilməsi dövlətçilik tariximizin mühüm səhifəsidir: 



“Müstəqil Azərbaycanın ilk Konstitusiyası 30 il əvvəlki dövr üçün kifayət qədər əhatəli hesab oluna bilər. Bu Konstitusiya genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının bəzi səbəbləri var. Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olunmasından 30 il keçir, bu, əlamətdar tarixdir. Bu Konstitusiya MDB məkanında ən demokratik konstitusiyalardan biridir. Ötən 30 il müddətində yeni reallıqlar yaranıb, ölkəmizdə yeni qanunlar qüvvələr minib. Bu vacib yeniliklər Konstitusiyamıza da bəzi əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirir. 2025-ci ildə Azərbaycanda idarəetmə sahəsində, bələdiyyə sistemində, seçki sistemində dəyişikliklər ediləcəyi gözlənilir. Bununla bağlı Konstitusiyada dəyişikliklər edilməsi istisna edilmir”. 

Politoloq Rəşad Bayramov sayta bildirib ki, Konstitusiya Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu proseslərinin hüquqi bazasını formalaşdırdı və ölkənin inkişafına güclü zəmin yaratdı: 


“Konstitusiya hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olundu, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutuldu, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirildi. Düşünürəm ki, Konstitusiya ilində mühüm dəyişikliklərin şahidi olacağıq. Xüsusən də referendum yolu ilə Konstitusiyamızın müasir dövrün tələblərinə uyğunlaşdırılması zəruridir. Söhbət siyasi partiyalaşma institutunun inkşafından gedir. Buna nail olmaq üçün ali qanunverici hakimiyyət və yerli özünüidarə orqanlarının proporsional və majoritar, yəni, qarışıq seçki sistemi əsasında formalaşdırılması qaydası tətbiq edilməlidir. Bundan başqa, Milli Məclisin say tərkibinin genişləndirilməsi ilə bağlı müvafiq dəyişikliklərin edilməsi, həmçinin bələdiyyə institutunun təkmilləşdirilməsi, səlahiyyətlərinin artırılması, iri şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə başçılarının birbaşa xalq səsverməsi yolu ilə seçilməsi qaydasının təsbit olunması da vacibdir. Fikrimcə, Prezidentin səlahiyyətli nümayəndəlik institutunun təsbiti və paralel strukturların ləğvi də ümumi prosesə töhfə verə bilər”. 

Törə Zeynallı
Demokrat.az 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 yanvar 2025, 19:27
Top