Deputat: “Bu mahnılar gənclərin şüuruna və müəyyən mənfi sahələrə yönəlməsinə səbəb olur”

GÜNDƏM 19 avq 2022, 10:14
Son illər internetdə narkotik vasitələri təbliğ edən və janrı bəlli olmayan musiqilər geniş yayılıb. Açıq-aşkar narkomaniyanın təbliğ olunduğu bu mahnıları əsasən gənclər izləyirlər. 

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Müşfiq Cəfərov Demokrat.az-a açıqlamasıında bildirib ki, bu hal təəssüf doğursa da, reallıqdır:

“Artıq texnologiyanın elə bir inkişaf dövrünə gəlib çatmışıq ki, istənilən informasiyanı hər yaş kateqoriyasına mənsub olan şəxslər əldə edə bilir. Xüsusən də, dövrümüzün bəlası olan narkomaniyanın sosial şəbəkələrdə daha çox təbliğ olunmasının şahidi oluruq. Bu hal təəssüf doğursa da, reallıqdır. Bu gün hər hansı bir ifanın məşhurlaşması çox asandır. Meyxana və rep daha çox gənclər tərəfindən dinlənilir. İstər-istəməz dinlənən bu mahnılar gənclərin şüuruna, müəyyən mənfi sahələrə yönəlməsinə səbəb olur”. 

Deputat qeyd edib ki, bu gün dövlətimizin bütün qurumları narkomaniyaya qarşı mübarizədə həssaslıq göstərir:

“Həmçinin, son zamanlar bununla bağlı internet və televiziyalarda müəyyən sosial layihə xarakterli qısametrajlı filmlər görürük. Mən düşünürəm ki, bu mübarizədə bütün sahələr birləşməlidir. Tək bu gün deyil, müəyyən dövrlərdə narkomaniyanı təbliğ edən ifalara rast gəlmişik. Təəssüf ki, bu qəbildən olan ifalar çox tez yayılır. Bu cür ifaların nəinki indi, hətta sosial platformaların əlçatan, rahat olmadığı vaxtlarda belə yayılmasının qarşısını almaq mümkün olmurdu. Bu sahədə əməli tədbirlər görülməlidir. Belə ki, bir neçə ekspertin və ziyalının efirdə bu barədə maarifləndirici söhbət etməsi, sosial videoçarxların çəkilməsi, gənclər arasında maarifləndirici söhbətlərin aparılması kifayət etmir. Çünki gənclər bunları deyil, artıq o ziyanlı ifanı dinləyirlər. Bunun üçün düşünürəm ki, bu yöndə həm də Daxili İşlər Nazirliyi tədbir görməlidir. Bu cür mahnılar gənclərdə narkomaniyanın istifadəsinə maraq oyadır. Belə ifaların ölkəmizdə yayılmasına birmənalı olaraq yol verilməməlidir”. 

“Televiziya məkanlarının da bu məsələyə həssaslıq nümayiş etdirməsini gözləyirik. Bəzən bu ifaçıları televiziya və radiolarda qonaq qismində görürük. Mövzu həmin mahnılar olmasa da, bu ifaçıların efir məkanlarına buraxılmasının qəti əleyhinəyəm”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top