Samuxda özünü yandıran qazi 3 otaqlı mənzillə, 1 hektar torpaqla təmin edilib - TƏFƏRRÜAT

GÜNDƏM 18 avq 2022, 19:11
Xəbər verildiyi kimi, bu gün saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.

O, dərhal Samux rayon Mərkəzi Rayon Xəstəxanasının Təcili tibbi yardım maşını ilə Gəncə şəhəri 3 saylı xəstəxanaya çatdırılmış, ilkin tibbi yardım göstərilmiş və 3-cü dərəcəli yanıq diaqnozu ilə Bakıya göndərilmişdir.

Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Samux şəhər sakini, III dərəcə Vətən müharibəsi əlili Abdullayev Təbriz Cəmil oğlunun sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Belə ki, Seyidlər kəndində 3 otaqlı mənzillə və 1 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi təmin edilib. Samux Rayon İcra Hakimiyyəti tərəfindən 1000 manat birdəfəlik maddi yardım edilib, davamlı diqqətdə saxlanılıb, mütəmadi ərzaq yardımı göstərilib. Evinə yeni su xəttinin çəkilməsində köməklik olunub.

Həmçinin, YAŞAT fondu tərəfindən 10 000 manat yardım edilib. Yoldaşı Abdullayeva Samirə Teyyub qızı DOST İş Mərkəzində işlə təmin edilib. Aidiyyəti orqanlar tərəfindən 4400 manat sığorta ödənişi aparılıb.3-cü dərəcə əlilliyə görə aylıq əsasda 300 manat Prezident təqaüdü və 382,97 manat əmək pensiyası təyin edilmişdir. Özünüməşğulluq proqramı çərçivəsində yaxın zamanlarda avtoyuma kursuna cəlb olunması planlaşdırılır. Bütün bu məlumatlar onu deməyə əsas verir ki, qazi Təbriz Abdullayev dövlətin diqqət və qayğısından kənar qalmayıb. Müvafiq orqanlar tərəfindən hadisənin baş vermə səbəbi araşdırılır.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top