Bakıda ər arvadına niyə xəsarət yetirdi? — TƏFƏRRÜAT

KRİMİNAL 15 avq 2022, 10:01
Bakının Xəzər rayonunda 1983-cü il təvəlüdlü Bəhruz şəxsi münasibətlər arasında həyat yoldaşı Çinarəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 14-də Qala qəsəbəsi, Xaşaxuna bağ massivində baş verib. 

Bəhruz yaşadığı evdə arvadı Çinarə ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı arvadını stulun ayaq hissəsi ilə döyərək, ona xəsarətlər yetirib. 

Cinayət işi üzrə ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Çinarə onun həyat yoldaşıdır: “Çinarə ilə 2007-ci ildən rəsmi nikaha daxil olmuşam. Birgə nikahımızdan 2 övladımız dünyaya gəlib. 

Martın 14-də, saat 23 radələrində yaşadığım evdə həyat yoldaşımla aramızda baş vermiş münaqişə zamanı əsəbləşərək evdə olan taxta stulu sındırdım, stulun ayaq hissəsini götürərək onun üzərinə hücum etdim. Nalayiq ifadələr işlədərək həmin taxta parçası ilə onun ayaq, qol və bel nahiyələrindən dəfələrlə vuraraq ona müxtəlif bədən xəsarətləri yetirdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Çinarənin sözlərinə görə, martın 14-də, saat 23 radələrində anası ilə telefonla danışdığı zaman Bəhruz telefonla danışmağını bəhanə edib, onunla mübahisə etməyə başlayıb: “Bayramla əlaqədar anamı təbrik etmək üçün zəng etdiyimi dedim. Bəhruz daha da əsəbləşdi və evdə olan taxta stulu sındırdı. Stulun ayaq hissəsi ilə məni döydü. Daha sonra Bəhruz sərxoş olduğu üçün yatdı. Hadisə baş verəndən bir neçə gün sonra aldığım xəsarətlərdən bədənimin müxtəlif nahiyələri ağrıdığı üçün 23 saylı poliklinikaya müraciət etdim. Martın 30-da 30-cu polis şöbəsində şikayət ərizəsi yazdım”.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Bəhruz qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 9 ay müddətinə islah işləri cəzasına məhkum olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top