"Neftçi"nin baş məşqçisi: "Qələbə qazandığımız üçün çox sevinirəm"

İDMAN 15 avq 2022, 00:22
"Yaxşı oyun oldu. Bu matç üçün narahat idim. Çünki "Rapid"lə matçda 120 dəqiqə mübarizə apardıq. Səfərdəki nəticəyə görə üzgün idik. Ona görə bu gün qələbə qazandığımız üçün çox sevinirəm".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Kəpəz"ə 5:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis komandasının daha güclü olduğunu bildirib: "Futbolçuların daha aqressiv olmasını və əldə etdiyimiz epizodların hamısını qola çevirmələrini istəyirəm".

Rumıniyalı baş məşqçi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandası ilə görüşü unutmadığını söyləyib: "Bunu unutmaq asan deyil. Pley-off üçün şansımız var idi. Həmin matçdan nəticə çıxartmalı və daha güclü olmalıyıq. Komandamın total, aqressiv və hücumameyilli futbol oynamasını istəyirəm. Bunun üçün keyfiyyətli oyunçularımız var".

Regekampf Rəhman Hacıyevin onun üçün vacib oyunçu olduğunu söyləyib: "Onun günü deyildi. Öz keyfiyyətini komanda üçün istifadə etməlidir. Sürətindən və texniki bacarıqlarından yararlanmalıdır. Mənim onunla konfiliktim yoxdur. Emin Mahmudov və Rəhman Hacıyevi daha çox meydanda saxlamağa qərar verdim. Çünki Yeqor Boqomolski hələ tam hazır deyil. Ona hücumçu kimi oynamasını deməmişdim. Amma texniki bacarıqları olduğu üçün irəlidə çıxış etdi. Sevinirəm ki, oyunundan narazı qaldı. Əminəm ki, gələn matçda daha yaxşı olacaq".

Mütəxəssis son olaraq yeni transfer Vato Arveladzenin çıxışı barədə danışıb: "Vato yaxşı oyunçudur, bizə çox köməyi dəyəcək. Cəmi bir həftədir bizimlədir. Hələlik tam hazır deyil ki, istədiyimiz oyunu göstərə bilsin. Ehtiyatlı davranmalıyıq ki, oyunçular zədələnməsin. Adaptasiya üçün ona daha çox vaxt lazımdır".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 okt 2022, 09:33
02 okt 2022, 08:04
Top