Politoloq: “Ermənistan Zəngəzur dəhlizinin sahibi olmaq istəyir”

GÜNDƏM 10 avq 2022, 14:40
“Ermənistan kommunikasiyaların açılması ilə iqtisadi imkanlar qazana bilər. Lakin Ermənistan tərəfi sülh müqaviləsi imzalamaqdan yayınır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq bildirib ki, bununla Ermənistan bütün tərəflərlə müəyyən dərəcədə alver etmək niyyətindədir:

“Çünki, o daha yaxşı şərtlərlə bu müqaviləni imzalamaq istəyir. Bəs, yaxşı şərt nə ola bilər? Ermənistan tərəfi cəhd göstərir ki, Zəngəzur dəhlizinin müəyyən dərəcədə sahibinə çevrilsin. Çünki onun vacib hissəsi Ermənistanın payına düşür, amma real olaraq və üçtərəfli saziş əsasında həmin dəhlizin təhlükəsizliyini Rusiya sərhədçiləri qoruyacaq. Digər tərəfdən, bu dəhlizdə əsasən Azərbaycan və Türkiyə ilə sıx münasibətdə olan ölkələr istifadə edəcək. Ermənistan isə düşünür ki, müəyyən dərəcədə öz “müqəddəratı”nı dəhliz üzərində təmin etsə, o oyun qaydalarını diqtə edə bilər və ya diqtə etməyə cəhd göstərəcək”.
 


Politoloqun sözlərinə görə, buna görə də, onlar dəhlizin fəaliyyət prinsipini başqa məsələlərlə uzlaşdırmağa çalışırlar:

“Sərhəd məsələlərini, yaxud da ki, Azərbaycanın Qarabağ hissəsində yaşayan ermənilərin gələcəyi ilə bağlı bu və ya digər şəkildə uzlaşdırır. Yəni, kompleks şəklində baxır. Ona görə də, nəticə etibarilə sülh məsələsi uzanır. Əgər üçtərəfli sazişdə olduğu kimi, o məntiqlə danışıqlar getsəydi və sırf dəhliz məntiqi burada qalib gəlsəydi, yəqin ki, əlavə çətinliklər ərsəyə gəlməyəcəkdi. Təəssüflər olsun ki, bax bu oyunlar bu məsələləri uzadır”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top