Deputat: “Bu, Ermənistan üçün bir xəbərdarlıq mesajı idi”

GÜNDƏM 09 avqust 2022, 12:11
“Məlum olduğu kimi, Azərbaycan-Ermənistan dövlət sərhəddi boyu Ermənistan tərəfindən Laçın istiqamətində döyüş mövqelərimiz daim atəşə tutulur. Bütün hallarda bunu Ermənistanın təxribatı kimi adlandırmaq olar”.
 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Millət vəkili qeyd edib ki, 3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər:

“Azərbaycan tərəfi dəfələrlə Ermənistanın 10 noyabr 2020-ci il tarixli ikitərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini  bəyan edib. Bunun nəticəsidir ki, bu cür təxribatlar törədilir. Qanunsuz erməni silahlı birləşmələrinin hələ də Azərbaycan ərazisində olduğu və çıxarılmadığı dəfələrlə bəyan edilib. Bilirsiniz ki, son günlərdə Ermənistanın dövlət sərhədimizdə terrorun törədilməsi və bir əsgərimizin şəhid olması ilə Azərbaycan tərəfi düşmən tərəfinə layiqli cavab verdi və “Qisas” anti-terror əməliyyatına başladı. Bu dəfə də düşmən ordusuna ağır zərbələr endirildi. Təbii ki, bu, Ermənistan üçün bir xəbərdarlıq mesajı idi ki, artıq öz öhdəliklərin sadiq qalmaq lazımdır. Buna baxmayaraq, Ermənistan öz siyasətini yenə də davam etdirir. Təsəvvür edin ki, ikitərəfli bəyanat, eyni zamanda Brüsseldə keçirilmiş görüşlər və ümumiyyətlə, orada səsləndirilmiş bəyanatlar bugün Ermənistanın yol verdiyi bu hərəkətlərlə, həyata keçirdiyi bu təxribatlarla heç də uyğun gəlmir. Düşünürəm ki, Ermənistanın bu cür öz öhdəliklərinə yanaşması onun bir dövlət kimi mövcud olmasına şübhələr yaradır. Eyni zamanda, onun ordusunun qalıqlarınınn tam məhv edilməsinə, tam məğlubiyyətə məruz qalmasına dəlalət edir”.

K.Bayramov əlavə edib ki, Azərbaycan dövləti hər zaman üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir:

“Bilirsiniz ki, bu gün də işğaldan azad olunmuş ərazilərdə çox böyük bərpa quruculuq işləri gedir, eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin də istənilən bəyanatlarında, çıxışlarında bölgədə uzunmüddətli sülhün əmin-amanlığın yaradılması təşəbbüsləri irəli sürülür. Buna baxmayaraq, Ermənistan tərəfi yenə də həmişə olduğu kimi, status-kvonun saxlanılmasının tərəfdarıdır. Lakin anlamır ki, bu cür status-kvo vəziyyəti davam edə bilməz. Çünki konkret razılaşmalar və öhdəliklər var. Həmin öhdəlikləri icra etmək lazımdır. Azərbaycan dövləti öz ərazilərində digər silahlı birləşmələrin fəaliyyətinə və mövcudluğuna yol verə bilməz və istənilən halda da öz sözünün deyəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top