"Böyük Qayıdışın tərkib hissəsi olaraq artıq qayıdışlar təmin olunur"

DÜNYA 07 avq 2022, 18:55
Xəbər verdiyimiz kimi, Ağalı kəndinə əhalinin köçürülməsi ilə Böyük Qayıdışın ilk qədəmlərinə start verildi. Beləliklə, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən inşa edilən Ağalı kəndinə indiyədək 201 nəfərdən ibarət 41 ailə köçürüldü. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.

Milli Məclisin deputatı Arzu Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün istər sülh sazişinin imzalanmasında, istər 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Köçün baş tutması əsas məqamlardan biridir:


"Məlum məsələdir ki, işğaldan azad olunmuş ərazilərə yenidən qayıtmaq vaxtilə məcburi köçkün düşmüş hər bir vətəndaşlarımızın əsas qayəsi, məramı və məqsədidir. Və bu istiqamətdə də Azərbaycan dövləti öz siyasətini davam etdirməkdədir. Ən böyük problem təbii ki, minalardan təmizlənmə, təhlükəsizlik məsələsi və Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh sazişinin ortaya qoyulmasıdır. Köçün təbii ki, başa çatması üçün infrastrukturların yenidən qurulması, bərpa olunması vacibdir. Çünki bütün bunlar hər bir vətəndaşın gələcək rifahı, məşğulluğu üçün mütləq şəkildə həyata keçməlidir. Buna görə də, Azərbaycan dövləti bütün bu istiqamətlərdə işlərini görür. Bundan sonra, artıq hər bir vətəndaşın rahat yaşaması üçün onun mənzil probleminin həlli, bir sıra kommunal məsələlərinin həlli də öz həllini tapmalıdır. Məhz buna görə də, bütün rayonların və məntəqələrin layihələri hazırlanır. Yəni, hər bir vətəndaşın yaşaması üçün maksimum şəraitin yaranması üçün problemlər həll edilir. Ən çox ziyan çəkmiş ərazilər istər Ağdam istiqamətində, istər digər rayonlarda mütləq şəkildə yenidənqurma prosesləri davam etdirilir və gələcəyə yeni bir hazırlıq, bir baxış layihələri həyata keçirilir. Təbii ki, hər bir vətəndaş köçdükdən sonra onun məşğulluq məsələsi önə plana çəkilir. Əsas məram və məqsəd onların dinc, təhlükəsiz həyat tərzini yerinə yetirmək və təmin etməkdir”.

Milli Məclisin deputatı Cavid Osmanov isə açıqlamasında vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik Ermənistan işğalçı siyasətinə son qoydu və torpaqlarımızı işğaldan azad etdi.

“Müharibə bitəndən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işlərinə start verildi. İlk növbədə burada məhz təhlükəsizlik məsələlərinin həlli istiqamətində böyük addımlar atılmağa başladı. Birincisi, ermənilər tərəfindən burada basdırılmış tank və piyada əleyhinə milyondan çox minaların təmizlənməsinə işinə start verildi. Eyni zamanda, yeni hərbi komanda hissələrimiz burada yaradıldı. Vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtması üçün Azərbaycan dövlətinin ən prioritet vəzifəsi kimi bu ərazilərin yenidən qurulması və bərpası durur. Əlbəttə ki, ermənilər 30 illik işğalçılıq dövründə bu ərazilərdə misli görünməmiş bir vandalizm aktı keçirtmişdilər, daşı-daş üstündə qoymamışdılar, infrastrukturu tamamilə darmadağın etmişdilər. Evlər, mənzillər, sosial obyektlər də tamamilə darmadağın edilmişdir. Qısa müddət ərzində Azərbaycan dövləti tərəfindən bir sıra vacib layihələr həyata keçirib. Bildiyimiz kimi, 100 km-lərlə yeni avtomobil yollarının çəkilməsi, hətta belə yeni yollar indiyə kimi heç vaxt olmamışdır. Bu yolların çəkilməsi ən müasir standartlara cavab verir. Eyni zamanda, çox ağır relyefə baxmayaraq, burada elektrik enerjisi təminatı çox yüksək peşəkarlıqla və qısa müddət ərzində həyata keçirilməyə başladı. Digər tərəfdən, ölkə başçısının elan etdiyi kimi bu ərazilər “yaşıl zona” elan edildi və alternativ enerji mənbələrinin burada tikintisi həyata keçirildi. Eyni zamanda, sosial obyektlərin tikintisinə, məktəblərin, xəstəxanaların, obyektlərin tikintisinə start verildi, dəmir yolu xətlərinin çəkilişinə başlanıldı”.

Millət vəkili əlavə edib ki, həmçinin kilometrlərlə uzunluğundakı tunellərin çəkilməsi çox yüksək peşəkarlıqla həyata keçirilməyə başladı:

“ Eyni zamanda, ən müasir standartlara cavab verən yeni evlərin, mənzillərin tikintisinə start verildi. Zəngilanın Ağalı kəndlərində “ağıllı kənd” pilot layihələri artıq ilkin təqdimatı həyata keçirildi və ilkin olaraq 200-dən çox vətəndaşımız artıq öz ata-baba yurdlarına, Böyük Qayıdışın tərkib hissəsi olaraq artıq qayıdışları təmin olunmuşdur. Eyni zamanda, burada bütün növ xidmətlər göstərilir ki, hansı ki paytaxt Bakıda bu xidmətlər mövcuddur.  “Dost xidməti”, “ASAN xidmət” və bütün xidmətlər elektron vasitələrlə həyata keçirilir. Çox sürətli internet şəbəkəsi qurulmuşdur. Artıq bir sıra kəndlərimizin, şəhərlərimizin baş planları təsdiqlənmiş və bu istiqamətdə çox vacib planlar həyata keçirilir. Zəfər  muzeylərinin, İşğal muzeylərinin tikintisi, həmçinin Zəngilanda və Laçında yeni iki beynəlxalq hava limanın tikintisi sürətlə həyata keçirilir. Bütün bu işlər əlbəttə ki, Azərbaycanın öz gücü hesabına həyata keçirilir. Bu da ölkə prezidenti Cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin nəticəsidir”.

C.Osmanov qeyd edib ki, pandemiyada dünya iqtisadiyyatına çox mənfi təsir göstərdi:

“Baxmayaraq ki, dünyada iki illik koronavirus pandemiyası var idi  və dünyanın iqtisadiyyatına çox mənfi təsirlərini göstərdi. Uzumüddət ölkəmiz 44 günlük ağır müharibədən çıxmış ölkə olmasına və dünyada iqtisadi böhranın olduğuna baxmayaraq Azərbaycan bu ərazilərdə böyük yenidənqurma və bərpa işlərini aparır. Bir sözlə, Azərbaycan prezidentin rəhbərliyi ilə Azərbaycan dövlətinin ən əsas prioritet vəzifələrindən biri odur ki, məhz işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərini həyata keçirsinlər. Burada insanlarımız üçün ən ləyaqətli həyat şəraiti qurulsun. Onların məşğulluğunun təmin olunması üçün bir sıra böyük layihələr həyata keçirilirsin ki, əhalimiz bura köçdükcə ən rahat şəraitdə yaşasınlar. Eyni zamanda da, onların məşğulluğu təmin olunsun. Azərbaycan dövləti tərəfindən müharibə bitdikdən sonra azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri dünya tarixində bu qədər sürətlə həyata keçirilməmişdir. Nəzərə alsaq ki, bütün bu işləri Azərbaycan dövləti öz gücü hesabına həyata keçirdir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”


Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top