Baş redaktor: “Qarşıdakı illərdə mediamız üçün daha yaxşı nəticələr olacaq"

GÜNDƏM 13 iyul 2022, 22:23
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycan milli mətbuatının, maarifçiliyin və milli kimliyi tanıtma prosesinin təməli qoyuldu. Artıq 169 ildir mətbuatla maarifçilik prinsipləri ilə paralel addımlayır. Müasir dövrün mətbuat tarixçiləri də əslində milli mətbuatın deyil, milli kimliyimizn tarixini araşdırırlar.

Demokrat.az xəbər verir ki, SİA mövzu ilə bağlı media kapitanlarının fikirlərini öyrənməyə çalışıb.





Jurnalist Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, Azərbaycan mediası, həmişə olduğu kimi, yenə də özünün uğurlu fəaliyyətini davam etdirir: "Mediamız Azərbaycan ictimaiyyətinin, cəmiyyətinin keyfiyyətli informasiya ilə təmin olunması funksiyasını uğurla yerinə yetirir. Yaşadığımız dövr yeni media dövrüdür. Media texnoloji baxımdan inkişaf dövrü keçir və buna uyğun olaraq özünün nəzəri yanaşmasını yeni dövrün tələblərinə uyğunlaşdırır. Yaxşı haldır ki, 2022-ci ilin fevral ayında cənab Prezident Azərbaycanda Media Haqqında Yeni Qanun imzaladı. Bu qanun yeni media dövrünə adaptasiya olunan Azərbaycan mediasının hüquqi statusunu və təşkilatı formasını müəyyən edir. Həmçinin, jurnalistikanın statusunun müəyyənləşməsi üçün kifayət qədər töhfələr vermiş olur. Bu qanunvericiliyin qüvvəyə minməsindən sonra Azərbaycanda jurnalistlərin və media subyektlərinin missiyası, cəmiyyətdəki rolu və statusu barədə kifayət qədər aydın təsəvvür formalaşır və media da buna uyğunlaşır.

Azərbaycan mediasının yeni dövrə uyğunlaşması üçün dövlətimiz yeni proqramlar da icra edir. Media İnkişaf Agentliyi vasitəsilə KİV subyektlərinə təkmilləşmə üçün maliyyə dəstəyi göstərilir. Bu dəstək 50-dən yuxarı KİV-ə göstərilir ki, onlar da öz fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun qurmaq, inkişaf etmək və cəmiyyəti lazım olan informasiya ilə təmin etmək üçün bu vəsaitdən istifadə edirlər. Azərbaycanda həm ənənəvi, həm də sosial media inkişaf edir. Əsas odur ki, ölkəmizdə media mühiti normaldır. Yəni, medianın qanunvericilik bazası, təhlükəsizlik normaları, etik standartlar və s. liberaldır. Buna uyğun olaraq Azərbaycan mediası həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf edir. Azərbaycanda informasiya təminatına ictimai rəyin sabit tutulmasına baxsaq və bu ictimai rəyin sabit tutulmasında medianın rolunun olduğunu nəzərə alsaq, Azərbaycan mediası öz üzərinə düşən missiyanı uğurla davam etdirir. Dövlətimiz medianın təkmilləşməsi, yaşaması və keyfiyyətli informasiya istehsal etməsi üçün ona lazımi dəstək və qayğını göstərir”.

"Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə qeyd edib ki, Azərbaycan mətbuatı cəmiyyətə ayna tutan bir institut olaraq mövcudluğunu davam etdirir: "“Əkinçi” ənənələri üzərində bərqərar olan mətbuatımızın milli-dövlətçilik məsələlərinə həssas yanaşması təqdirəlayiqdir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı həssas dönəmdə mətbuatımızın necə faydalı fəaliyyətlə məşğul olduğunu gördük.






Peşəkarlıq vərdişlərinin yüksələn xəttlə inkişaf etməsi Azərbaycan mətbuatının gələcəyi ilə bağlı nikbin ovqat yaradır. Medianın İnkişafı Agentliyinin yaranması ilə bu proses yeni mərhələyə qədəm qoyub. hazırda MEDİA jurnalistlər arasında peşəkarlığın artması sitiqamətində vaciv işlər görür. Əminliklə deyə bilərik ki, Azərbaycanda peşəkar KİV-lərin sırası sürətlə genişlənir. Mətbu sferada tədricən sağlam mənəvi mühit yaranır.

Bayram ovqatı mətbuatın problemlərini gözardı etməyə əsas vermir. Jurnalist peşəkarlığının daha da artırılmasına, KİV-lərin maddi-teüxniki bazasının gücləndirilməsinə ehtiyac var. Mətbuatın maddi cəhətdən müstəqil olması KİV-lərin məmur-oliqarxlardan asılılığına son qoyacaq, bu institutun sözün həqiqi mənasında 4-cü hakimiyyətə çevrilməsini sürətləndirəcək. Reklam bazarının inkişafı bu prosesi sürətləndirə bilər".




“7news.az” xəbər portalının baş redaktoru Səbuhi Abbasov bildirib ki, Azərbaycanda ilk demokratik mətbuatın əsasını Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: "Mətbuata qarşı olan bu xoş siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Əlbəttə ki, Azərbaycanda mətbuat bəzi problemlər var. Son 20 ildə mətbuat bəzi şəxslərin, qurumların inhisarına alınmışdır. Bu da Azərbaycanda mətbuatın milli mnaraqlara xidmət etməsini şübhə altına salırdı. Son iki ildə Azərbaycan mətbuatında ciddi islahatlar başlayıb. Bildiyimiz kimi KİVDF ləğv edildi. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Medianın İnkişafı Agentliyi ilk dəfə olaraq Azəırbaycan tarixində çap mediası ilə yanaşı, həmçinin onlayn mediaya da dəstək verdi. Onlayn mediada təkcə ictimai-siyasi saytlar deyil, eyni zamanda idman saytlarına da dəstək layihəsi həyata keçirildi. Artıq bu layihə uğurla davam etdirilir. Lakin biz də cəımiyyət olaraq Medianın İnkişafı Agentliyinə dəstək olmalıyıq. Çünki Medianın İnkişafı Agentliyinin ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq aparılan islahatlar dalğasında apardığı mücadiləyə ciddi şəkildə əngəl törətmək istəyənlər var. Onlar ciddi şəkildə çalışırlar ki, Azərbaycan cəmiyyəti ilə medianı üz-üzə qoysunlar, Medianın İnkişafı Agentliyinin nüfuzunu aşağı salsınlar. Biz əsla buna yol verməmələri, ciddi şəkildə islahatları dəstəkləməliyik. Bundan əlavə olaraq bildiyimiz kimi hər üç ildən bir 22 iyul – Milli Mətbuat Günündə jurnalistlər üçün bina tikilir və istifadəyə verildi. Cənab Prezidentin də bildirdiyi kimi bu jurnalistlərə bir həıdiyyədir, sosial dəstək layihəsidir. 2017-ci ildə Prezident İlham Əliyev çıxışında bildirdi ki, növbəti bina ən qısa zamanda tikilərək jurnalistlərə veriləcək. Çox təəssüflər olsun ki, üçüncü binanın jurnalistlərə verilməməsi ilə bağlı MEDİA Agentliyini günahlandıranlar var. Bu çox yanlış bir addımdır. Birincisi MEDİA birmənalı şəkildə Azərbaycanda sağlam jurnalistikanın formalaşması üçün bütün mümkün addımları atır. Eyni zamanda jurnalistlərə mənzillərin verilmısi prosesində də MEDİA jurnalistin maraqlarını əsas götürərək, bunun uğrunda mübarizə aparır".




"Demokrat.az" saytının baş redaktoru Vasif Həsənli qeyd edib ki, son bir neçə ildə medianın inkişafı danılmazdır: "Təbii ki, müəyyən çatışmazlıqlar ola bilər, çünki media uzun illər belə demək mümkünsə bataqlığın içində olub, indi onu bataqlıqdan tamamilə çıxarmaq üçün zamana ehtiyac var. Qısa zamanda müşahidə olunan dəyişikliklər gələcəyə ümidləri daha da böyüdür.

Əgər vaxtilə dövlətin mediaya maliyyə dəstəyini yalnız bəlli bir qrup mənimsəyirdisə, indi bu dəstək ədalətli şəkildə bölünür və əsas yanaşma peşəkar medianın formalaşmasıdır. Biz bunu gündəlik fəaliyyətimizdə hiss edirik. Əgər vaxtilə medianın işinə birbaşa müdaxilə var idisə, indi bu aradan qalxır. Belə müdaxilələr peşəkar medianın işinə əngəl yaradırdı, çünki işini bilən onsuz da işləyəcək, əlavə müdaxilələrlə fəaliyyəti məhdudlaşdıranda nə peşəkarlıq qalır, nə də jurnalistika. Mediamız bu bataqlığın içindən çıxmağı bacardı. Təbii ki, burada əsas olan Prezident İlham Əliyevin siyasi iradəsidir. Dövlət başçısı ölkədə köklü islahatların tərkib hissəsi kimi media islahatları ilə bağlı da göstərişlər verdi. Bu, istər kadr dəyişikliyi, istər fəaliyyət prinsiplərinin peşəkarlaşması, istərsə qanunvericilik bazasında özünü göstərdi. Medianın İnkişafı Agentliyinin yaradılması ən uğurlu addımlardan biri hesab oluna bilər. Qısa zamanda Agentlik öz fəaliyyəti ilə bunu təsdiqlədi. Media haqqında qanunun qəbulu, qanunda nəzərdə tutulanlar da bu sahədə uğurlardan biridir. Qanun təkcə medianın peşəkar fəaliyyət imkanlarının genişləndirilməsini yox, həm də jurnalistlərin sosial-məişət həyatının yaxşılaşdırılmasına da xidmət edir. Bu da indiki şəraitdə dövlətin əsas diqqətindən biridir və ən əsası hər kəsə bərabər şərait yaradılır.

Bununla yanaşı, son bir neçə ildə Azərbaycan mediasının beynəlxalq arenada fəaliyyətinin genişləndiyini müşahidə edirik. Misal üçün, Ukrayna müharibəsində mediamızın beynəlxalq səıviyyədə işləyə bilməsi bunun bariz nümunəsidir.

Bütün bunlar başlanan islahatların və peşəkar, dürüst kadrların bu islahatlarla nəzərdə tutulan hədəflərə çatmaq üçün həyata keçirdikləri fəaliyyətin nəticəsidir. Fikrimcə, qarşıdakı illərdə mediamız üçün daha da yaxşı nəticələr olacaq".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 noyabr 2024, 10:43
Top