“İrəvanın hərbi-siyasi müstəvidə atdığı təxribatçı addımlar onun sülh tərəfdarı olmadığını sübut edir”

GÜNDƏM 06 iyl 2022, 18:02
“Ermənilər bir yandan Kəlbəcəri yenidən atəşə tutur, o biri yandan Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın Laçın rayonu ərazisində yerləşən Qaragöl istiqamətində sərhəd bölgəsini minalayır, digər bir yandan isə Ermənistan Müdafiə Nazirliyi ordunu gücləndirmək və revanş götürmək üçün hərbi təhsil sahəsində islahatlar həyata keçirir, hərbi akademiya yaratmağa hazırlaşır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri  Əlisahib Hüseynov deyib. Partiya sədrinin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutması və rəsmi İrəvanın hərbi-siyasi müstəvidə atdığı digər təxribatçı addımlar bu ölkənin heç də sülh tərəfdarı olmadığını açıq-aydın sübut edir:



“Siyasi müstəvidə atılan təxribatçı addım deyərkən, mən ilk növbədə rəsmi İrəvanın ABŞ və Fransa ilə səylərini birləşdirərək, bədnam Minsk Qrupunu yenidən aktivləşdirmək, Qarabağ erməniləri üçün "status" əldə etmək cəhdlərini nəzərdə tuturam. Bütün bunlar sülhə yox, sülh prosesinin tormozlanmasına xidmət edir. Görünən budur ki, rəsmi İrəvan hazırkı mərhələdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını istəmir və həm Moskva, həm də Brüssel razılaşmalarını hər vəchlə pozmağa çalışır”.
 
“Biz əvvəllər radikal erməni müxalifətinin revanşizmə can atmasını müşahidə edirdiksə, ancaq indiki məqamda isə Paşinyan hakimiyyətinin də təxribatçı, qızışdırıcı mövqe tutduğunu görürük. Ermənistan hakimiyyəti bütün vasitələrlə çalışır ki, Azərbaycanı hərbi güc tətbiq etməyə təhrik etsin. Bu da Nikol Paşinyanın və onun komanda üzvlərinin son vaxtlar verdiyi sülh bəyanatlarının saxtakar manevrlərdən başqa bir şey olmadığını təsdiqləyir. Ancaq bu manevrlərin hamısı Ermənistanın özü üçün zərərlidir. 
Müstəqil siyasət yürütmək qabiliyyəti olmayan Nikol Paşinyanın tez-tez havadarlarını dəyişməsi, onun gah Moskvaya, gah da Paris və Vaşinqtona yönəlik mövqe sərgiləməsi Ermənistanın baş tutmamış, oturuşmamış dövlət olduğunu göstərir. Paşinyanın sələfləri də bu cür sərsəm siyasət yürütmələri ilə yadda qalıblar. Təəssüf ki, hazırkı Ermənistan rəhbərliyi də eyni səhvləri təkrarlayır. Ermənistanda ağıllı, müdrik liderlərin olmaması Cənubi Qafqazda sülhün bərqərar olmasını əngəlləyir”, - deyə Ə.Hüseynov fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 avq 2022, 21:43
Top