Bakıda arvadını döyən gənc cəzalandırıldı — Hökm

KRİMİNAL 28 iyn 2022, 12:47
Bakının Xətai rayonunda 1989-cu il təvəllüdlü Səlim şəxsi münasibətlər zəminində arvadı Cəlaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 23-də rayonun M.Hadi küçəsində baş verib.
 
Səlim yaşadıqları evdə arvadını döyərək, ona xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Cəlalə ilə 2014-cü ildə ailə həyatı qurublar və 2 azyaşlı övladları var: “Əvvəllər Cəlalə ilə mehriban olsaq da, son zamanlar aramızda tez-tez ailə məişət zəmnində mübahisələrimiz yaranıb. Sonuncu dəfə hadisə baş verən günü, saat 23.45-də yaşadığımız mənzildə aramızda ailə məişət zəminində mübahisələrimiz yarandı. Mübahisə vaxtı Cəlalə məni əsəbləşdirdiyindən əlim ilə onun kürək və qol nahiyəsindən vurdum”. 

Səlim ifadəsinin sonunda əməlindən səmimi peşmançılıq çəkməsini bildirib. 

Zərərçəkmiş Cəlalənin sözlərinə görə, əvvəllər Səlim ilə mehriban olsalar da, son zamanlar tez-tez uşaqlarına baxmaması və spirtli içki qəbul etməsi üstündə aralarında mübahisələr yaranıb. 

Daha sonra ifadəsində döyülməsindən danışan zərərçəkmiş ərindən şikayətçi olduğunu deyib. 

Xətai rayon Məhkəməsinin hökmü ilə Səlim 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 

Təqsirləndirilən şəxs yaşadığı mənzili axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetiruilməsi öhdəliyi qoyulub. 

Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməsi qadağan olunub. 

Hökmün icrasına nəzarət rəqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top