Elçin Mirzəbəyli: "Ermənistan mina xəritələrini Azərbaycana verməkdən qəsdən boyun qaçırır"

GÜNDƏM 24 iyn 2022, 21:29
Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Baxmayaraq ki, Ermənistan Minalar Əleyhinə Konvensiyaya qoşulmayıb, hər bir ölkə Konvensiyaya qoşulmasa da, onun tələbələrini yerinə yetirməlidir.

Görünür SSRİ-nin hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə mahir olduqlarını, klassik goreşənliklərini nəzərə alıblar.

Bu fikirləri AZƏRTAC-a Zəngilana səfər çərçivəsində müsahibə verən siyasi şərhçi, Əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, SSRİ-nin süqutundan sonra zavod həm Ermənistan ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi əsasında onları TM-62 və TM-57 minalar ilə təmin edib.

44 günlük Vətən müharibəsi dövründə diqqət çəkən məqamlardan biri də Ermənistanda tank və piyada əleyhinə mina istehsalının sürətlə artmasıdır. Doğrudur, bununla bağlı məlumatların heç birində piyadalar əleyhinə minaların istehsalından danışılmır. Amma Rusiya sülhməramlılarının minaların zərərsizləşdirilməsi prosesində, TM-62 və TM-57 minaları ilə yanaşı, PMN-2 – piyadalar əleyhinə minalarla qarşılaşmaları da sübuta yetirir ki, Ermənistan bu gün də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur.
"Məlum olduğu kimi 30 ilə yaxın zaman kəsiyində Azərbaycan hazırda Rusiya sülhməramlılarının müşahidəsi altında olan ərazilərə nəzarət edə bilməyib. Atəşkəsdən dərhal sonra isə həmin ərazilər Rusiya sülhməramlılarının müşahidəsi altına düşdüyü üçün, oralarda Azərbaycan hərbçiləri tərəfindən minaların basdırılması mümkün deyil. Mövcud mənzərə sübuta yetirir ki, müharibədə ağır məğlubiyyətə uğrayan və hərbçiləri fərarilik edən Ermənistanın hərbi rəhbərliyi Azərbaycan Ordusunun qarşısının alınmasının yeganə yolunu torpağın altında görüb. Çünki həm havada, həm də torpağın üstündə Azərbaycan Ordusu tam üstünlüyə malik idi.

Bütün bunlar isə sübuta yetirir ki, ermənilər Azərbaycan ərazilərini minalayaraq geriyə çəkiliblər və bu proses müharibənin ilk günlərindən planlaşdırılmış şəkildə həyata keçirilib", - deyə siyasi şərhçi vurğulayıb.

O əlavə edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə düşmənin minaya düşməsi ilə bağlı çox az hallar qeydə alınıb. Bu da onu göstərir ki, Ermənistan qəsdən Azərbaycan torpaqlarını minalayıb. Həmçinin minaladığı ərazilərin xəritələrini də Azərbaycana verməkdən bilərək boyun qaçırır. Bu da Ermənistanın beynəlxalq konvensiyalara zidd hərəkət etməsini göstərən növbəti dəlildir. Bundan əlavə, Azərbaycan humanistlik göstərərək erməni əsirlərini qarşı tərəfə təhvil verdi. Amma bunun əksinə olaraq, Ermənistan üzərinə düşən vəzifələri öz xislətinə uyğun olaraq yerinə yetirmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top