“Tanımadım, dedi ki, müharibədə məni ölümdən sən qurtarmısan” — Həkim Elşən Rzayevlə MÜSAHİBƏ

MÜSAHİBƏ 17 iyn 2022, 17:22
Hər il iyunun 17-i Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. “Demokrat.az” saytı təqvimin bu günündə, 44 günlük savaşda tibb xidməti baş leytenantı kimi qəhrəmanlıq göstərmiş, həkim Elşən Rzayevlə həmsöhbət olub. Fədakar həkimlə maraqlı müsahibəni təqdim edirik:

-Salam, həkim. Öncə bilmək istəyərdik ki, müharibədə iştirak etmək öz istəyinizlə oldu, yoxsa çağırış gəldi?

-Salam. Mən ehtiyatda olan zabitəm. Sentyabrın 27-si müharibə başladı, 28-i hərbi komissarlıqdan zəng etdilər, Beləliklə, 29-u atıq hərbi hissədə idim, mənim üçün müharibə sentyabrın 29-dan başladı. 

-Ölümə ən yaxın olduğunuz an, keçirdiyiniz hisslər...

-Ümumiyyətcə, orada hiss deyilən bir şey olmur. Orada hiss etmək istədiyin, bilmək istədiyin yeganə şey odur ki, növbəti təhlükə haradan, hansı tərəfdən gələcək. Yeganə bilmək istədiyin budur ki, sənə haradan atırlar. Həyatda qalmaq üçün beyin aktiv olaraq hər saniyə düşünür. Variantlar axtarırsan ki, bu vəziyyətdən çıxasan. 

-Sağaltdınız və hələ də unutmadığınız əsgərdən danışın bir az, zəhmət olmasa...

-Həddən artıq çox sağaltdığımız əsgərlər oldu. Hər biri başımızın tacıdır, hər biri qəhrəmanımızdır. Xüsusi olaraq yaddımızda qalanlar da oldu. Məsələn, biri var idi, Xüsusi Təyinatlı Qüvvələrin zabiti idi. Nə qədər deyirdik ki, az gəz, ayağın şişəcək. Bizim yanımızda sağaldı, yenidən döyüşlərə qayıtdı. Biri var idi, onu döyüşdən saxlamaq istədim, razılaşmadı. Sarğı qoyduq, döyüşə qayıtdı. İki gün sonra gəldi, həddən artıq şişmiş ayaqlar. Çox təsirli anlar da çox oldu, sağalda bilmədiyimiz, həyatda saxlaya bilmədiyimiz əsgərlər oldu. Elə əsgərlər var idi ki, onun hansısa ətrafının amputasiya olunması biz həkimlərə də çox pis təsir edirdi. Bu yaxınlarda rayonlardan birində bir nəfərlə söhbət edəndə bildim ki, müharibədə olub. Dedim ki, sənin nə işin var idi müharibədə? O mənə aqressiv cavab verdi. Sonra uzaqlaşdı, yenidən yaxınlaşdı, dedi ki, həkimsən? Dedim, bəli. Dedi, müharibədə olmusan? Dedim, bəli. Dedi, bəs mənə niyə deyirsən müharibədə nə işin var idi? Mən müharibədə yaralananda, sən mənə kömək etmisən. Onunla yenidən qucaqlaşdıq, xoş bir təsadüf oldu. Gün ərzində 300-400 əsgərlə görüşürdük, hər biri yadımızda qalmasa da, hər biri ilə ani olaraq doğmalıq yaşayırdıq. 

-Hansı əsgərin həyatda qalması üçün özünüzü aciz hiss etmisiniz...

-Müharibədə qorxu olmur, ələxüsus tibb xidməti zabiti üçün. Ölməkdirsə, ölərsən, heç nə hiss etməzsən, bu qorxu deyil. Yaralanmaqdırsa, yaralanıb ağrı hiss edərsən, bu da qorxu deyil. Bunlardan daha dəhşətli hiss acizlik idi. Yaxınına, doğmana kömək edə bilməyib, onu həyatda saxlaya bilməyəndə yaşadığın hiss - acizlik... Müharibənin yaşatdığı ən pis hiss acizlikdir. Ətrafındakı məhv olur, sən isə heç nə edə bilmirsən.. Müharibədə hər kəs bir-birinin doğmasıdır. Adını bilmədiyin biri belə sənin doğmandır. Müharibədə günlərlə, həftələrlə unudursan ki, sənin ailən, övladın var, evin var, şəxsi əşyaların var. Hətta öz canını da unudursan.. Yeganə unutmadığın hiss yanındakını qorumaqdır. 

Bir şəhidimiz var idi, çox cüzi güllə yarası ilə onu itirdik. Güllə vücudunun daxilində hərəkət edirdi və hərəkət istiqamətini dəyişməklə bir çox orqanlarını zədələyirdi. Bir balaca dəlik, amma insanı ürək masajı edəndə, həmin dəlikdən qan gəlirdi. Yəni, fontan kimi qan gəlirdi. Biz o əsgərimizi şəhid verdik. Acizliyi onda yaşadım. Bir də cavan oğlanların hansısa ətrafını xilas edə bimədiyin və kəsilmə qərarını verdiyin anda yaşayır insan o hissi. 

-Qələbə xəbərini hansı şəraitdə aldınız?

-Yaralıya baxırdım. Dedilər ki, cənab Prezident çıxış edəcək, anons ediblər. Bizim orada televizorumuz yox idi. Hamıya da maraqlı idi ki, gecənin o saatında Ali Baş Komandan nəyi məruzə edəcək? Müharibədə də real mövqelərimizi, real döyüşləri bilirdik. Yəni, tibb xidməti zabiti olaraq, yaralı əsgəri haradan götürdüyümüzü, harada yaralandığını bildiyimiz üçün içimizdə mütləq məlumatlar vardı. Bu baxımdan, Ali Baş Komandandan xoş xəbər gözləyirdik. Gecə saat 3-4 olardı, anamla, atamla danışdım. Bacım zəng etdi. Çox sevincli idilər. Amma mən bir həkim kimi qələbə xəbərindən sonra daha çətin günlər yaşamağa başladım. Çünki, müharibə dayandığı üçün döyüş bölgəsindən xeyli yaralı əsgərlər gətirməyə başladılar. 

-Sizə müharibə zamanı güc və motivasiya verən şəxs və ya səbəb...

-Mən müharibəyə gedəndə övladlarıma demişdim ki, qayıdacam, özü də qələbə ilə. Bu ən böyük motivasiyam idi. Ümumiyyətlə, müharibə məhv etmək deməkdir. Hər kəs nəyisə- canlı qüvvəni, texnikanı, tikilini məhv etməyə çalışır. Həkim isə bu total məhvetmə prosesində xilas etməyə çalışan yeganə şəxsdir. Əgər insan öz torpağı uğrunda savaşırsa, deməli o insan həmin torpaq üzərində öz övladlarının sağlam, xoşbəxt yaşamağını istəyir. Bu da bir motivasiyadır, qürur hissidir.

-Müharibədən sonra iş fəaliyyətinizdə hansı dəyişiklik oldu? 

- İnsan işə daha rahat yanaşmağa başlayır. Ona görə ki, 3 aylıq müharibə bizə 30 illik təcrübə verib. Müharibə proseslərin, elmlərin ən mürəkkəbidir. Müharibədə ən sürətli təhsilalma prosesi gedir. İştirak edən hər kəs sürətli şəkildə nəyisə öyrənir, nəyisə qavrayır. Əgər mən müharibədə iki barmağımı itirsəydim və ya üzümdə çapıq olsaydı, mən artıq uşaq kardioloqu işləyə bilməzdim. Gəlib başqa işlə məşğul olacaqdım. Yəni, həyata çox fəlsəfi, sadə yanaşır insan. Müharibədən sonra işə daha çox diqqət, işdən kənarda baş verənlərə isə daha az diqqət yönəldirsən. 

-Sizin üçün müharibə məfhumunu unutdurmayacaq xatirəniz...

-Müharibə özü bir həyat tərzidir. Yəni, mülki həyat, sülh dövrü və müharibə. Bir insan hər iki dövrü yaşayıbsa, o iki həyat yaşamış hesab olunur. Yaşadığın həyatı isə unutmaq mümkünsüzdür. Sülh dövrünün dəyərləri başqa idi, müharibə dövrünün isə başqa. Müharibə dövründə yaşadıqlarını sülh dövründə nə mühakimə etmək olar, nə də qiymət vermək.

Maya İmran
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top